AZ

Arvadına işgəncə verən, boğazına qayçı ilə xəsarət yetirən şəxs: “Hadisə ailə-məişət zəminində yaranmış münaqişə ilə bağlı olub”

Ali Məhkəmədə əzab vermədə təqsirləndirilən Əkrəm Yaqublunun (ad, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə şikayətdə göstərilib ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 133.2.6-cı maddəsi ilə tövsif edilərkən düzgün hüquqi qiymət verilməyib.


Qeyd olunub ki, məhkəmə həmin əməlin məhz bu maddə ilə deyil, daha yüngül məsuliyyət nəzərdə tutan CM-in 133.1-ci maddəsi ilə tövsif edilməli olmasını əsaslandırmayıb və bu məsələyə aydınlıq gətirməyib.


Kassasiya şikayətində iş materiallarına istinad edilərək bildirilib ki, tərəflər arasında baş verən hadisə ailə-məişət zəminində yaranmış münaqişə ilə bağlı olub. Münaqişənin başlanmasına səbəb kimi tərəflərin bir-birinə qarşı qarşılıqlı ittihamları, eləcə də zərərçəkmiş şəxsin öz iradəsi ilə təqsirləndirilən şəxsin olduğu otağa daxil olaraq emosional xarakterli ifadələr işlətməsi göstərilib. Müdafiə tərəfi hesab edir ki, bu hallar hadisənin xarakterinin düzgün qiymətləndirilməməsinə gətirib çıxarıb.


Eyni zamanda vurğulanıb ki, iş materiallarından görünən hallara görə zərərçəkmiş şəxsin hərəkət azadlığı məhdudlaşdırılmayıb, o, istədiyi vaxt yaşadığı evi tərk etmək, hüquq-mühafizə orqanlarına müraciət etmək imkanına malik olub. Təqsirləndirilən şəxsin evin açarını özü ilə aparması və zərərçəkmiş şəxsin evdən çıxa bilməməsi ilə bağlı ittihamların isə sübuta yetirilmədiyi, bu istiqamətdə mötəbər dəlillərin mövcud olmadığı qeyd edilib.


Bu əsaslarla məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2025-ci il tarixli qərarının ləğv olunmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.


Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı qismində çıxış edən prokuror isə məhkəməyə müraciət edərək verilmiş kassasiya şikayətinin təmin edilməməsini istəyib. O, eyni zamanda Milli Məclisin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul etdiyi amnistiya aktının 3.1-ci bəndinin Məhkuma tətbiq olunmasını məqsədəuyğun hesab etdiyini bildirib.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilib. Əkrəm Yaqubluya 1 il 2 ay 10 gün cəza müəyyən olunub.


İttihama görə, Əkrəm Yaqublu 2007-ci il tarixdən birgə nikahda olduğu zərərçəkmiş Mətanət Yaqublu (ad, soyadı şərtidir) ilə 2017-ci ilin əvvəllərindən etibarən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq və sair lüzumsuz səbəbləri bəhanə gətirərək yaşadıqları mənzildə mütəmadi olaraq onu qapalı saxlayıb psixi iztirablar verib.


Belə ki, təqsirləndirilən şəxs arvadını mütəmadi olaraq döyərək söyüş söyüb təhqir etməklə şəxsiyyətini alçaldıb. O, həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Suraxanı rayonu ərazisində yerləşən evlərində yenə də əsassız qısqanclığı bəhanə gətirərək kiçik ölçülü dərzi qayçısı ilə Mətanətin qəsdən boğaz nahiyəsindən vurub. Sonra qadın ərindən canın qurtarmaq üçün balkona qaçıb çıxmaq istəyib. Bu zaman Əkrəm arvadını tutub yerə yıxaraq balıncı üzünə dirəyib qəsdən nəfəs almasını çətinləşdirib.


Beləliklə, Əkrəm Mətanəti mütəmadi olaraq döyüb güclü fiziki ağrı yetirib həmin zorakı hərəkətləri və şəxsiyyətini alçaldan psixi iztirablarla zərərçəkmiş şəxsə işgəncə verməklə əzab vermə cinayətini törədib.


Əkrəm Yaqublunun barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə, işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Suraxanı Rayon Məhkəməsinin hökmü o, 2 il 8 ay 10 gün müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, Suraxanı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 2 ilə endirilib. Əkrəm Yaqublunun üzərində qəti olaraq 1 il 8 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


Qeyd: Onların birgə nikahdan 2 övladı var.

 

Kamal Məmmədov 

Tarix: 16 Aprel 2026, 10:39   
Seçilən
2
3
pravda.az

10Mənbələr