AZ

Gəncədən Astaraya gedərək keçmiş arvadına 15-dən çox bıçaq vuraraq öldürən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yusif Verdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2023-cü il martın 13-də Astara rayonunun Maşxan kəndində qeydə alınıb.

 

Cinayət matereallarında qeyd olunub ki, Yusif Verdiyev keçmiş arvadı Gülşən Qəhrəmanovanın başqa kişilərlə münasibətinin olmasından şübhələnərək bunu öz şəxsiyyətini aşağılayıcı hərəkət kimi qiymətləndirib. O, buna görə qıcıqlanaraq Gülşən Qəhrəmanovanı qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün yaşadığı Gəncə şəhərindən Astara rayonunun Maşxan kəndinə gəlib. Həmin gün saat 11 radələrində keçmiş qayınatasına məxsus evə gedib, qanunsuz otağa daxil olub. Yusif yataq otağında yatmış vəziyyətdə olan Gülşəni üzərində gətirdiyi mətbəx bıçağı ilə azyaşlı qızının gözü qarşısında xüsusi amansızlıqla öldürüb.

 

Təqsirləndirilən şəxs qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı (15-dən çox) bıçaq zərbələri vurub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4,120.2.9 və 157.1-ci maddələri ilə ittiham irəli sürülüb.

 

Yusif Verdiyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, Gülşəndən boşanandan sonra qadın ona başqa kişi ilə xəyanət edib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmünə əsasən, Yusif Verdiyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9 (təkrar adam öldürmə) və 157.1-ci (toxunulmazlıqla bağlı cinayət əməli) maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 120.2.4 və 120.2.9-cu maddələr üzrə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası, 157.1-ci maddə ilə isə qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.

 

Daha sonra Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Belə ki, 4 gün islah işləri 1 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla bu cəza 3 ay müddətinə azadlıqdan məhrumetmə ilə əvəz edilib.

 

Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq məhkuma qəti olaraq 18 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Yusif Verdiyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının isə 13 mart 2023-cü il tarixdən hesablanması müəyyən edilib.

 

Daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən məsələ ilə bağlı məhkəməyə təqdimat verilib. Təqdimatda məhkumun davranışı və digər hallar nəzərə alınaraq onun ciddi rejimli cəzaçəkmə müəssisəsindən 3 il müddətinə həbsxanaya keçirilməsi xahiş olunub.

 

Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli qərarı ilə təqdimat qismən təmin edilib. Məhkəmə məhkumun 1 il 6 ay müddətinə həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul edib. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, işə yenidən baxılmasını və daha ədalətli qərar qəbul edilməsini xahiş edib. 

 

Lakin Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

 

Bundan sonra Yusif Verdiyev kassasiya instansiyasına müraciət edib, xüsusilə, 1 il 6 ay müddətinə həbsxana rejiminin onun üçün həddən artıq ağır olduğunu bildirərək həmin müddətin azaldılmasını xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 15 Aprel 2026, 08:57   
Seçilən
12
50
pravda.az

10Mənbələr