AZ

WUF13: gələcəyin şəhərlərini formalaşdıran qlobal platforma

Bakının evsahibliyi edəcəyi bu beynəlxalq tədbirin başlanmasına çox qalmayıb

Yaxın zamanda Bakı daha bir mühüm beynəlxalq tədbirə evsahibliyi etməyə hazırlaşır. Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası (WUF13)  "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ilə  mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bir ay sonra baş tutacaq bu mötəbər tədbir şəhərsalma, davamlı inkişaf və urbanizasiya sahəsində qlobal müzakirələr üçün önəmli platforma olacaq.

Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçının qatılacağı tədbir çərçivəsində şəhərlərin gələcəyi, iqlim dəyişmələri, hərtərəfli inkişaf, urbanizasiya və innovativ yanaşmalar kimi aktual mövzular müzakirə olunacaq. Bakı bu forum vasitəsilə həm öz urban inkişaf təcrübəsini bölüşəcək, həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. WUF13, əslində,  gələcək şəhər inkişafının prinsiplərini və modellərini müəyyənləşdirəcək yol xəritəsidir. Tədbirdə memarlarla yanaşı, ekoloqlar, iqtisadçılar və müxtəlif sahələr üzrə mütəxəssislər, eləcə də əlaqədar qurumlar iştirak edəcəklər. Forum çərçivəsində dövlət rəsmiləri, akademik dairələr, qeyri-hökumət təşkilatları, şəhərsalma sahəsində mütəxəssislər və iş adamları  geniş fikir mübadiləsi aparacaq, bilik və təcrübələrini paylaşmaq imkanı əldə edəcəklər. Beynəlxalq tədbir iştirakçılar arasında körpü rolunu oynayaraq, fərqli ölkələrdə hazırlanmış ideya və layihələrin qısa müddətdə təqdim olunmasına və tətbiqinə imkan yaradacaq.

Unutmayaq ki, tədbir həm də yeni ideya və təşəbbüslərin doğulduğu qlobal platforma kimi nəzərdə tutulub. WUF13 çərçivəsində təqdim olunan layihələr bütün ölkələr üçün açıq olan və real tətbiq potensialı daşıyan inkişaf modelləridir. Bu da onu deməyə əsas verir ki,  WUF13 gələcəyin şəhərlərinin xəritəsini çəkən, ideyaları gerçəkləşdirən və dünya miqyasında dəyişiklik yaradan dinamik bir platforma kimi yaddaşlara hopacaq.

Bu səbəbdən WUF13-ün hazırlıq prosesi ideyaların formalaşması və onların həyata keçirilməsi üçün fiziki və inzibati zəminin yaradılmasını tələb edir. Bakı Olimpiya Stadionu artıq gələcəkdə dünya şəhərlərinin taleyini müzakirə edəcək möhtəşəm platformaya çevrilməyə hazırlaşır. Beynəlxalq tədbirin  keçirilməsi üçün stadionda tikinti və quraşdırma işləri bütün sürəti ilə davam edir. Hər künc, hər detal böyük bir diqqət və peşəkarlıqla işlənir. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin komandası isə tədbirin döyünən ürəyi olaraq günün hər saatı buradadır. Onların fasiləsiz fəaliyyəti, operativ qərarları və səmərəli işi forumun istənilən səviyyədə həyata keçirilməsini təmin edir. Hər şey - məkanın dizaynından, infrastruktur planlamasına, təhlükəsizlikdən nəqliyyata, akkreditasiyadan könüllülük proqramına qədər - incə bir şəkildə, ən yüksək standartlara uyğun hazırlanır. Hazırlıqlar forumun beynəlxalq səhnədə işıq saçacağı günün həyəcanını, Bakının qlobal urbanizm arenasında parlayacaq rolunu göstərir. 

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov hazırlıqlarla  bağlı deyib ki, WUF13-ün əməliyyat potensialını gücləndirmək və tədbirin bütün proseslərinə dəstək vermək məqsədilə Könüllülük Proqramı aktiv şəkildə fəaliyyət göstərir. Forumda iştirak etmək arzusu ilə 16 min nəfər müraciət edib: "Təlimləri uğurla başa vuran 2500 könüllü mərhələli şəkildə tədbirin müxtəlif sahələrinə cəlb olunacaq. Forum dövründə WUF13 könüllüləri qonaqların qarşılanmasından, qeydiyyat və informasiya xidmətlərinə, sessiya və sərgi zonalarının təşkilindən mədəni proqramların həyata keçirilməsinə qədər geniş spektrdə fəaliyyət göstərəcəklər. Onların enerjisi və fədakarlığı tədbirin yüksək səviyyədə  keçirilməsini təmin edən əsas amillərdən biri olacaq".

Qeyd edək ki, tədbirin keçiriləcəyi  məkanda Media Mərkəzi  fəaliyyət göstərəcək və jurnalistlər üçün rahat, səmərəli iş şəraiti təmin olunacaq. Burada canlı yayım otaqları, müsahibə və stand-up mövqeləri, mətbuat konfransı otağı və digər zəruri infrastruktur yaradılıb. Forum dövründə istifadə olunacaq simsiz cihazların qeydiyyatı və radiospektrin idarə edilməsi isə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ilə əməkdaşlıq çərçivəsində "WUF13 Radiospektrin idarə edilməsi" portalı vasitəsilə həyata keçiriləcək. Bu imkan həm yerli, həm də xarici media nümayəndələrinə effektiv və rahat iş şəraiti təqdim edir, tədbirin şəffaf və operativ şəkildə ictimaiyyətə çatdırılmasına dəstək olur.

WUF13 dayanıqlı şəhərlər üçün innovativ təkliflərin müzakirəsi, şəhər ərazilərinin qarşılaşdığı problemlərə  cavab verəcək yeni tərəfdaşlıqların və layihələrin qurulması üçün qlobal platforma rolunu oynayacaq. Tədbir müddətində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri keçirilməsi planlaşdırılır. Dünyanın ən nüfuzlu şəhərsalma sərgisi sayılan "Urban Expo" sərgisi 35 min kvadratmetr sahədə təşkil olunacaq. Burada ölkələr, şəhərlər, bələdiyyələr, regional və BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə qurumları, vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcəklər. 

Ümumdünya Şəhərsalma Forumu  tarixində ilk dəfə Xəzər və Cənubi Qafqaz regionuna gələcək. Beynəlxalq platforma bölgədə yaradılmış və planlaşdırılan "ağıllı şəhər"lərin  önəmini vurğulayan, şəhərsalma sahəsində innovativliyi işıqlandıran bir ayna,  həmçinin gələcəyin şəhərlərini formalaşdırmaq üçün ideyaların paylaşıldığı və yeni əməkdaşlıqların doğulduğu canlı bir laboratoriya olacaq. Tarixdə ilk dəfə Bakıda mənzil və şəhərsalma məsələlərinin ən yüksək siyasi səviyyədə müzakirəyə çıxarılması isə bu sahənin qlobal gündəlikdə önəmli mövqe tutmasına xidmət edir. 

Beləliklə, WUF13  şəhərlərin taleyinə toxunan, ideyaları gerçəkləşdirən və gələcəyin urban həyatını işıqlandıran  qlobal işıq nöqtəsi kimi Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahələrində qazandığı təcrübəni dünyaya təqdim etmək imkanı yaradır. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə azad edilmiş ərazilərdə xüsusilə son illər həyata keçirilən "ağıllı şəhər" və "yaşıl enerji" layihələri forum iştirakçılarının diqqət mərkəzində olacaq ki, bu da ölkəmizin innovativ yanaşmalarını beynəlxalq səviyyədə tanıtmaq baxımından mühüm fürsətdir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
0
50
azerbaijan-news.az

10Mənbələr