AZ

Nəsib Məhəməliyev: WUF13 iqlimə davamlı və innovativ şəhər modellərinin ölkəmizdə tətbiqi üçün real imkanlar yaradır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən təşkil olunan World Urban Forum 13 (WUF13) bu dəfə Azərbaycanda, Bakıda keçirilir və qlobal şəhər inkişafı gündəmini bir daha diqqət mərkəzinə gətirir. Forum şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, urbanizasiya və sosial bərabərlik kimi mühüm məsələlərin müzakirə olunduğu əsas beynəlxalq platformalardan biri kimi qiymətləndirilir.

Bakıda keçirilən WUF13-ə dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri və şəhərsalma üzrə mütəxəssislər qatılıb. Forum çərçivəsində qlobal urban problemlər və onların həlli istiqamətində yeni yanaşmalar müzakirə olunur.

WUF13 çərçivəsində əsas diqqət şəhərlərin sürətlə artan əhali yükü, iqlim dəyişikliklərinin təsiri və dayanıqlı infrastrukturun qurulması məsələlərinə yönəlib. Mütəxəssislər bildirirlər ki, şəhərlər artıq təkcə yaşayış məkanı deyil, həm də iqtisadi, sosial və ekoloji tarazlığın əsas mərkəzinə çevrilib.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ümumdünya Şəhərsalma Forumu ilk dəfə 2002-ci ildə, Keniyanın paytaxtı Nayrobidə keçirilmişdir, həmin tarixdən etibarən şəhərlərin inkişafı üzrə bilik və təcrübə mübadiləsinin aparılması üçün əsas beynəlxalq platformaya çevrilmişdir: “WUF13 - Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və iki ildən bir keçirilən Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum) 13-cü sessiyasıdır. Forum, dayanıqlı urbanizasiya sahəsində dünyanın ən nüfuzlu qlobal konfransıdır və bu ilin 17-22 may tarixlərində Bakıda, Azərbaycan Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Forum şəhərlərin gələcəyi ilə bağlı qlobal dialoqu təşviq edir, dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik çevrələr, özəl sektor, vətəndaş cəmiyyəti və gənclər arasında əməkdaşlıq üçün unikal platforma yaradır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının məqsədi sürətli urbanizasiyanın icmalar, şəhərlər, iqtisadiyyat, iqlim və siyasətə təsirini müzakirə etmək, daha təhlükəsiz, davamlı və inklüziv şəhərlər qurmaq üçün innovativ həllərin paylaşılmasını təşviq etməkdir.

WUF13-cü sessiyası, “Hər kəs üçün yaşayış yerləri, təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. Forumda sürətli urbanizasiya, yaşıl enerji, rəqəmsal şəhərsalma, tikinti, süni intellek, inklüziv və iqlimə davamlı şəhər və icmalar yaratmaq kimi məsələlər müzakirə olunacaq”.

Nəsib Məhəməliyev vurğulayıb ki, WUF13 tədbirinin Bakıda keçirilməsi, hər şeydən əvvəl Azərbaycanın zəngin tarixi irsi ilə müasir inkişaf dinamikasının, həmçinin ölkəmizin mədəniyyətinin, yüksək qonaqpərvərliyinin və güclü təşkilatçılıq imkanlarının dünya miqyasında tanıdılmasına şərait yaradır, eyni zamanda Forumun nüfuzunun və qlobal təsirinin daha da güclənməsi üçün yeni imkanlar açır.

“Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Bakıda Liderlərin Zirvə Görüşü keçiriləcək. Azərbaycan Hökumətinin təşəbbüsü ilə təşkil olunan bu görüş dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, eləcə də yüksək səviyyəli liderləri Bakıda bir araya gətirəcək. Zirvə Görüşü şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və Yeni Şəhərsalma Gündəliyinə töhfə vermək məqsədi daşıyır. Bu təşəbbüslər bir daha göstərir ki, mənzil təminatı və şəhərsalma artıq yalnız texniki məsələ deyil, qlobal səviyyədə strateji əhəmiyyət daşıyan və yüksək səviyyəli liderlik tələb edən sahədir”-deyən Nəsib Məhəməliyev qeyd edib ki, forum əgər düzgün istifadə olunarsa, Bakı regional urban innovasiya mərkəzinə çevrilə bilər.

“Azərbaycan post-münaqişə urbanizasiya modeli ilə qlobal nümunə təqdim edə bilər və yerli şirkətlər qlobal bazara inteqrasiya imkanı əldə edə bilər. Bu forum yalnız müzakirə platforması deyil, həm də dayanıqlı, iqlimə davamlı və innovativ şəhər modellərinin ölkəmizdə tətbiqi üçün real imkanlar yaradır”-deyə deputat bildirib.

Qeyd edək ki, Bakıda keçirilən WUF13 təkcə müzakirə platforması deyil, həm də yeni qlobal urban siyasətlərin formalaşdığı mühüm bir mərkəzdir. Burada qəbul edilən yanaşmalar gələcək illərdə şəhərsalma strategiyalarına birbaşa təsir göstərə bilər. WUF13 göstərir ki, şəhərlərin gələcəyi artıq lokal deyil, qlobal məsələdir. Dayanıqlı inkişaf və şəhər idarəçiliyi isə beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq ön plana çıxır.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
bizimyol.info

1Mənbələr