AZ

Üç ayda ölkəmizdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

Energetika Nazirliyi bu ilin birinci rübündə ölkədə karbohidrogenlərin hasilatı və ixracı ilə bağlı məlumat yayıb. Belə ki, yanvar-mart ayları üzrə Azərbaycanda 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu həcmin 3,9 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun, 0,9 milyon tonu "Şahdəniz"in, 0,1 milyon tonu "Abşeron"un payına düşüb. SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Göründüyü kimi, neft hasilatının böyük hissəsi AÇG-dən alınır. Hazırda bu blokda 7 hasilat platforması fəaliyyət göstərir ki, bunlar "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və "Azəri Mərkəzi Şərqi"dir.

Sözügedən dövrdə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barel), kondensat hasilatı 13 min ton (105 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barel) olub. 

Azərbaycan nefti dünya bazarlarına əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə çatdırılır. 2006-cı ilin iyul ayından tam sistem kimi işə salınan bu möhtəşəm kəmər həmin vaxtdan fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.

Yanvar-mart aylarında ölkədə təbii qaz hasilatı isə 12,6 milyard kubmetr təşkil edib. Hasil edilmiş qazın 3,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 6,9 milyard kubmetri "Şahdəniz"in, 0,4 milyard kubmetri "Abşeron" yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb. 

Məlum olduğu kimi, AÇG-dən səmt qazı çıxarılır və bunun əksər hissəsi Səngəçal terminalına qaxil olaraq SOCAR-a məxsus kəmərlə "Azəriqaz" sisteminə ötürülür. Hasil olunan qazın qalan hissəsi yataqlarda təzyiqi saxlamaq üçün yenidən laylara vurulur.

Xatırladaq ki, Azərbaycan 20-dən çox ölkəyə neft və 16 ölkəyə qaz ixrac edir. Hazırda ixracla bağlı bu rəqəmlər məlumdur: birinci rüb ərzində 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə ÆOCAP-ın ("Æoint Operating Company Absheron Petroleum" əməliyyat şirkəti) payına düşüb.

Azərbaycandan qaz alan ölkələr bunlardır: Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya. Gürcüstana qaz Cənubi Qafqaz Boru Kəməri ilə 2006-cı ildən, Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2007-ci ildən və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci ildən çatdırılır. Avropaya isə qaz 2020-ci ilin son günündən başlayaraq TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) ixrac olunur. Suriya Türkiyə vasitəsilə Azərbaycan qazını ilk dəfə keçən il alıb.

Bu ilin birinci rübü ərzində xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib. Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyanın payına düşüb.

Bəs "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən bu il aprelin 1-dək hasilat və ixrac nə qədər olub? Energetika Nazirliyinin məlumatında bu da öz əksini tapıb: 675 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 519 milyard kubmetr qaz hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 621,7 milyon ton neft, 247,4 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 53,3 milyon tona yaxın kondensat, 271,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 673 milyon ton neft, 196,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Prezident İlham Əliyev karbohidrogenlərin hasilatının sabitləşdirilməsi və artırılmasını bir vəzifə kimi qarşıya qoyub. Bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı demişdir: "Mən ümumilikdə iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-yə baxsaq görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq. Eyni zamanda biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik, - bu mümkündür, - və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bu da iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq".

 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
0
17
azerbaijan-news.az

10Mənbələr