AZ

3 ayda neft 6,6 milyon ton, qaz 12,6 milyard kubmetr

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Energetika Nazirliyinin yaydığı operativ məlumatlarına əsasən, 2026-cı ilin yanvar-mart ayları üzrə ölkəmizdə 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 0,9 milyon tonu “Şahdəniz” və 0,1 milyon tonu “Abşeron” yataqlarının payına düşüb. Hesabat dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı isə 1,7 milyon ton təşkil edib.

Cari ilin yanvar–mart aylarında ölkə üzrə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min barrel) təşkil edib. Ümumilikdə isə, neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barrel) olub. Xam neft və kondensatın 5,2 milyon tonu ixraca yönəldilib. Bunun isə 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb. Maye karbohidrogenlərin yerdə qalan 1,4 milyon tonu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunub.

2026-cı ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib. Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyanın payına düşüb.

Bütövlükdə isə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2026-cı il aprelin 1-dək 675 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 519 milyard kubmetr qaz hasil edilib. Ötən müddətdə “Azəri-Çıraq-Günəşli”dən 621,7 milyon ton neft, 247,4 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 53,3 milyon tona yaxın kondensat və 271,6 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 673 milyon ton neft və 196,5 milyard kubmetr qaz ixraca nəql edilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
16
xalqqazeti.az

10Mənbələr