AZ

Anons verildi: kirayə evlərin qiyməti kəskin dəyişəcək – Tarix

Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi hesabatı"na görə, ölkə üzrə median aylıq kirayə haqqı 1 002 manat təşkil edib. Hesabatda mənzil qiymətlərinin daha sürətli artması nəticəsində kapitalizasiya müddətinin 20.9 ilə çatdığı və bu göstəricinin ötən illə müqayisədə artdığı qeyd olunur.

Mənzil qiymətlərinin kirayə haqlarından daha sürətli artması bazarda hansı riskləri yaradır? Bu tendensiya yaxın illərdə kirayə qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib ki, hesabatda göstərilən məbləğ bazarda təxminən 250-300 min manat dəyərində təklif olunan mənzillərin aylıq kirayə qiymətinə uyğundur:

"Bundan aşağı və yuxarı kirayə təklifləri də mövcuddur. Məsələnin mahiyyəti odur ki, satış qiymətləri kəskin artdığı halda, kirayə qiymətləri daha aşağı templə yüksəlib. Nəticədə belə bir fərq yaranıb ki, mənzil alan vətəndaş üçün investisiyanın geri dönüş müddəti təxminən 20-21 il təşkil edir. Bu isə kifayət qədər uzun dövrdür. Qonşu ölkələrdə bu müddət orta hesabla 15-18 il civarındadır. Bu fərq onu göstərir ki, yaxın dövrdə kirayə qiymətlərinin daha sürətli artımı gözlənilir. Hazırda bazarda investisiya cəlbediciliyi yüksək olduğuna görə vəsaitlər daha çox çoxmənzilli və hündürmərtəbəli binalardakı mənzillərə yönəldilir. Eyni zamanda, Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq söküntü işlərinin genişlənməsi, qəzalı və istismar müddəti bitmiş binaların ləğvi, eləcə də təbii fəlakətlər, subasmalar nəticəsində bəzi vətəndaşların müvəqqəti yaşayış yerinə ehtiyac duyması kirayə bazarına tələbi artırır. Bundan əlavə, hər il on minlərlə abituriyentin tələbə adını qazanması, yataqxana yerlərinin məhdudluğu səbəbindən kirayə bazarına əlavə təzyiq yaradır. Xüsusilə yay aylarının sonu və payızın əvvəlində bu tələbin daha da artacağı gözlənilir".

İqtisadçı bildirib ki, kirayə bazarında qiymət artımı qaçılmazdır:

"Tələbin yüksəlməsi və daşınmaz əmlaka investisiyanın daha cəlbedici olması həm kirayə, həm də satış qiymətlərinin artımını şərtləndirir. Artıq mənzillərin alınaraq təmir edilməsi və kirayəyə verilməsi ayrıca bir biznes sahəsinə çevrilib. Bu istiqamətdə fəaliyyət göstərənlərin sayı da artır. Mövsümi baxımdan isə iyul ayının sonlarından başlayaraq avqust və sentyabr aylarını əhatə edən dövrdə kirayə qiymətlərində daha nəzərəçarpan artımın baş verəcəyi gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
46
olaylar.az

10Mənbələr