AZ

“Lufthansa” aviaşirkətində pilotların tətil dalğası genişlənir

Berlin, 15 aprel, AZƏRTAC

“Lufthansa” aviaşirkətində, eləcə də onun “Lufthansa Cargo”, “Lufthansa CityLine” və “Eurowings” törəmə şirkətlərində davam edən tətil dalğası genişlənməkdədir.

AZƏRTAC xəbər verir ki, pilotların “Kokpit ittifaqı” həmkarlar ittifaqı təşkilatı növbəti tətillərin keçiriləcəyini elan edib. İttifaqın məlumatında “Lufthansa”, “Lufthansa Cargo” və “Lufthansa CityLine” şirkətlərində növbəti tətilin aprelin 16-da saat 00:01-də başlayacağı və aprelin 17-də saat 23:59-da başa çatacağı bildirilib. “Eurowings” şirkətində isə tətil aprelin 16-da saat 00:01-dən 23:59-dək Almaniya hava limanlarından həyata keçirilən bütün uçuşlara şamil ediləcək.

Tətil Almaniyanın hava limanlarından həyata keçirilən uçuşları əhatə edəcək. Yaxın Şərqdə mövcud vəziyyət nəzərə alınaraq, “Lufthansa” və “Lufthansa CityLine” şirkətlərinin Almaniyadan aşağıdakı Azərbaycan, Misir, Bəhreyn, İraq, İsrail, Yəmən, İordaniya, Qətər, Küveyt, Livan, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən uçuşlar tətilin əhatə dairəsindən kənarda qalacaq.

“Kokpit ittifaqı” təşkilatının sədri Andreas Pinheyro vəziyyətin dəyişməz olaraq qaldığını və işəgötürənlər tərəfindən heç bir irəliləyişin müşahidə olunmadığını bildirib. Həmkarlar ittifaqının əsas tələbləri “Lufthansa”, “Lufthansa Cargo” və “Eurowings”də pensiya təminatı, “Lufthansa CityLine” şirkətində isə əməkhaqqı ilə bağlıdır.

Qeyd edək ki, əvvəlcə tətilin aprelin 13-14-də keçiriləcəyi elan olunsa da, sonradan onun müddəti daha iki gün uzadılmışdı. Tətil nəticəsində Almaniyanın hava limanlarında yüzlərlə reys ləğv edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
14
9
azertag.az

9Mənbələr