Çin ABŞ-nin Hörmüz boğazını blokadaya alma təşəbbüsünü “təhlükəli və məsuliyyətsiz addım” kimi qiymətləndirib.
"Ölkə.az" xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun paytaxt Pekində keçirilən ənənəvi brifinqdə məsələ ilə bağlı açıqlama verib.
Sözçü bildirib ki, tərəflər arasında əldə olunan müvəqqəti atəşkəs hələ qüvvədə olduğu halda, ABŞ hərbi mövcudluğunu sürətləndirir və Hörmüz boğazını hədəf alan blokadaya yönəlir. Onun sözlərinə görə, bu addım yalnız qarşıdurmanı dərinləşdirəcək, gərginliyi artıracaq və onsuz da kövrək olan atəşkəsi təhlükə altına qoyacaq.
Guo qeyd edib ki, blokada boğazdan təhlükəsiz keçidi riskə atır. O vurğulayıb ki, vəziyyətin yaxşılaşması üçün əsas şərt tam atəşkəsdir:
“Tərəfləri atəşkəs razılaşmasına əməl etməyə, sülh danışıqlarının istiqamətinə sadiq qalmağa və Hörmüz boğazında normal nəqliyyatın ən qısa zamanda bərpası üçün konkret addımlar atmağa çağırırıq”.
Sözçü əlavə edib ki, boğazdan təhlükəsiz və maneəsiz keçid yalnız müharibənin dayandırılması və Körfəz bölgəsində sülh və sabitliyin təmin olunması ilə mümkündür.
Guo Jiakun atəşkəsin son dərəcə kövrək olduğunu və regionun kritik mərhələdə olduğunu vurğulayaraq deyib:
“Prioritet müharibə alovunu körükləməyi dayandırmaq və çətinliklə əldə edilmiş atəşkəsin davamlılığını qorumaq olmalıdır. Bütün tərəflər problemin həlli üçün diplomatik və siyasi vasitələrə üstünlük verməlidir”.
O əlavə edib ki, Çin tərəfi regionda sülh və sabitliyin təmin olunması üçün digər tərəflərlə birlikdə konstruktiv rol oynamağa davam edəcək.
Sözçü həmçinin Donald Trampın Çinin İrana silah verməsi halında əlavə 50% gömrük rüsumu tətbiq ediləcəyi ilə bağlı açıqlamasına da münasibət bildirib. Guo qeyd edib ki, Çin hərbi məhsulların ixracında daim ehtiyatlı və məsuliyyətli siyasət yürüdür, bu sahə qanunlar və beynəlxalq öhdəliklər çərçivəsində ciddi nəzarətdə saxlanılır. O xəbərdarlıq edib ki, ABŞ bu məsələni bəhanə edərək tarifləri artırarsa, Çin qəti qarşı tədbirlər görəcək.
Qeyd edək ki, Donald Tramp İranla Pakistanda keçirilən danışıqların uğursuzluğundan sonra sosial şəbəkədə Hürmüz Boğazının blokadaya alınması prosesinə başlanacağını açıqlamışdı.
Bundan dərhal sonra CENTCOM 13 aprel saat 17:00-dan etibarən İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadasının başlanacağını elan etmişdi.(musavat.com)