Cənubi və Mərkəzi Avropada baş verən siyasi proseslər, xüsusilə Macarıstanda keçirilən seçkilər, regionun xarici siyasət kursuna və Avropa İttifaqı daxilində güc balansına təsir edən mühüm amillərdən biri kimi qiymətləndirilir. Mütəxəssislər bu dəyişikliklərin təkcə regional deyil, həm də qlobal siyasi proseslərə təsir edə biləcəyini bildirirlər.
Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli də məsələ ilə bağlı QHT.az-a açıqlamasında fikirlərini bölüşərək seçkilərin nəticələrinin həm Macarıstanın xarici siyasət xəttində, həm də Avropa İttifaqının ümumi yanaşmasında müəyyən dəyişikliklər yarada biləcəyini qeyd edib.
Onun sözlərinə görə, yeni siyasi konfiqurasiya Rusiya–Ukrayna müharibəsi, Rusiya ilə münasibətlər və Avropa İttifaqının regional siyasəti baxımından mühüm dəyişikliklərə səbəb ola bilər. Abbasbəyli qeyd edib ki, seçkilərdə qalib gələn namizədin Avropa İttifaqına daha yaxın mövqe sərgiləməsi bu istiqamətdə yeni dinamika yaradır.
O bildirib: "Bundan əvvəlki namizəddən fərqli olaraq, seçki prosesində bunu gördük. Alternativ namizəd, yəni hazırda qalib gəlmiş Madyar, tamam fərqli bir siyasət xətti ortaya qoydu. O, daha çox Avropa İttifaqına yaxınlığı və Avropa İttifaqının siyasətinin daha inamla davam etdirilməsinin tərəfdarı kimi çıxış etdi.
Təbii ki, bu, ayrıca bir sahədir, amma bunun Azərbaycana münasibətdə və Azərbaycanla əməkdaşlığa təsir edib-etməyəcəyi məsələsi də müzakirə olunur. Mən hesab edirəm ki, Azərbaycan və Macarıstan münasibətləri və əməkdaşlığı daha çox strateji və enerji əsaslı olduğuna görə bu dəyişikliklərə ciddi təsir etməyəcək. Təbii ki, Orban daha müstəqil, Avropa İttifaqından daha fərqli və daha sərbəst siyasət yürüdürdüyünə görə, onun dövründə yanaşmalar müəyyən qədər fərqli ola bilərdi.
Amma Madyarın Avropa İttifaqının ümumi siyasəti çərçivəsində fəaliyyət göstərməsi ehtimalı var. Bu halda siyasi məsələlərdə müəyyən fərqliliklər ola bilər. Lakin strateji, iqtisadi və enerji əməkdaşlığı mütləq şəkildə davam edəcək və məncə, bu, eyni zamanda digər Avropa dövlətlərinin siyasətinə uyğun şəkildə inkişaf edəcək".
"Bu məsələdə Türk Dövlətləri Təşkilatına münasibəti də qeyd etmək lazımdır. Məlumdur ki, Macarıstan indiyə qədər Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirak edib. Bundan sonra bu əməkdaşlığın hansı formada davam edəcəyi isə düşündürücü məsələdir. Mən inanıram ki, bu format qalacaq, lakin ola bilər ki, əvvəlki qədər intensiv olmasın.
Çünki yeni hakimiyyətin əsas prioriteti daha çox Avropa İttifaqı çərçivəsindəki tərəfdaşlıqlara yönəlik ola bilər. Buna görə də Türk Dövlətləri Təşkilatına münasibətdə müəyyən soyuma ehtimalı istisna edilmir. Amma ümumilikdə bu əməkdaşlıq formal da olsa, davam edəcək."- deyə açıqlamasında qeyd edib.
Zəhra Ağayeva