
“Four Seasons” otelinin qarşısından Dənizkənarı Milli Park ərazisinə çıxışı təmin edən yeraltı keçiddə
quraşdırılan qaldırıcı qurğular hazırda işlək vəziyyətdə deyil.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ombudsman tərəfindən hazırlanan yeni monitorinq hesabatında yer alıb.
Bildirilir ki, müşahidələr zamanı müəyyən edilib ki, qaldırıcılar köhnəlib, istifadəyə yararsız vəziyyətdə saxlanılır və elektrik şəbəkəsindən ayrılıb. Bundan əlavə, keçiddə pilləkənlərin strukturu da təkərli oturacaq istifadəçiləri üçün əlavə maneələr yaradır. Belə ki, aşağı enişdən sonra yenidən bir neçə pillənin olması hərəkəti faktiki olaraq mümkünsüz edir.
Qeyd olunan yeraltı keçid yalnız park istiqamətinə deyil, eyni zamanda İçərişəhər istiqamətində keçid üçün də geniş istifadə olunur. Ərazinin şəhərin mərkəzində yerləşməsi və gündəlik olaraq həm yerli sakinlər, həm də xarici turistlər tərəfindən intensiv istifadə edilməsi mövcud problemin əhəmiyyətini daha da artırır.
Qaldırıcı qurğuların işləməməsi təkərli oturacaqdan istifadə edən şəxslər üçün ciddi hərəkət məhdudiyyətləri yaradır. Bu hal yalnız fiziki maneə deyil, həm də şəhər mühitində inklüzivlik prinsiplərinin pozulması kimi qiymətləndirilir.
Monitorinq zamanı digər bir problem də taktil döşəmələrlə bağlı olub. Məlumata görə, görmə qabiliyyəti məhdud şəxslər üçün nəzərdə tutulan bu döşəmələr düzgün quraşdırılmayıb. Onların pandusun üzərində yerləşdirilməsi sürüşmə riskini artırır və funksional təyinatını itirməsinə səbəb olur. Eyni zamanda, döşəmələrin rəng kontrastının zəif olması görmə məhdudiyyətli şəxslərin təhlükəsiz hərəkətini çətinləşdirir.
Bildirilir ki, taktil döşəmələr pandusun başlanğıc və son nöqtələrində, təhlükə zonasından əvvəl yerləşdirilməlidir.