Bakının mərkəzində bir çox obyektlərdə quraşdırılmış bəzi pandus və rampaların standartlara uyğun olmaması səbəbindən əlilliyi olan şəxslərin infrastrukturdan müstəqil istifadəsi üçün müəyyən çətinliklər yaranıb.
Bizim.Media xəbər verir ki, Ombudsman Bakı şəhərinin mərkəzində əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyi ilə bağlı monitorinq aparıb.
Monitorinq zamanı Dənizkənarı Milli Park və orada yerləşən iki iri ticarət obyekti, habelə Qız qalasının ətrafı, Fəvvarələr meydanı, Xaqani bağı, Azneft meydanının ətraf ərazilərinə baxış keçirilərək mövcud infrastrukturun müyəssərliyi qiymətləndirilib.
Bu məqsədlə həmin ərazi üzrə ictimai nəqliyyat, turizm, rekreasiya, istirahət və əyləncə infrastrukturu, yeraltı və yerüstü keçidlər, ictimai sanitar qovşaqlar, avtobus dayanacaqları, liftlər, işıqforlar, habelə informasiya təminatı üçün quraşdırılan lövhələr və mövcud saytlara baxış keçirilib.
Eyni zamanda, hərəkət məhdudiyyətli şəxslərlə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərin ehtiyaclarının nəzərə alınıb-alınmaması kimi məsələlər diqqətdə saxlanılıb.
Bildirilib ki, əldə olunan nəticələrə dair hesabat hazırlanıb. Hazırlanmış hesabatda monitorinq nəticəsində əldə edilmiş faktlar, fotolar, bu sahədə mövcud hüquqi öhdəliklərin təhlili və bir sıra təkliflər öz əksini tapıb.
Monitorinqin nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti qurumlara məktublar ünvanlanıb.
Qeyd edək ki, tez-tez sosial şəbəkələrdə paytaxtdakı bəzi yeraltı və yerüstü keçidlərdə əlil və uşaq arabası üçün pandusların quraşdırılmadığı və ya standartalara uyğun olmadığı barədə müzakirələr gedir.




Günay Şahmar, Bizim.Media