Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi mandatı çərçivəsində Bakı şəhərinin mərkəzində əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyi ilə bağlı monitorinq aparılıb və əldə olunan nəticələrə dair hesabat hazırlanıb.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Monitorinq zamanı Dənizkənarı Milli Park və orada yerləşən iki iri ticarət obyekti, habelə Qız qalasının ətrafı, Fəvvarələr meydanı, Xaqani bağı, Azneft meydanının ətraf ərazilərinə baxış keçirilərək mövcud infrastrukturun müyəssərliyi qiymətləndirilib.
Bu məqsədlə həmin ərazi üzrə ictimai nəqliyyat, turizm, rekreasiya, istirahət və əyləncə infrastrukturu, yeraltı və yerüstü keçidlər, ictimai sanitar qovşaqlar, avtobus dayanacaqları, liftlər, işıqforlar, habelə informasiya təminatı üçün quraşdırılan lövhələr və mövcud saytlara baxış keçirilib. Eyni zamanda, hərəkət məhdudiyyətli şəxslərlə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərin ehtiyaclarının nəzərə alınıb-alınmaması kimi məsələlər diqqətdə saxlanılıb.
Ombudsmanın müstəqil monitorinq qrupunun üzvləri tərəfindən həyata keçirilmiş monitorinqə əlilliyi olan şəxsləri təmsil edən qeyri-hökumət təşkilatının nümayəndəsi də cəlb olunub.
Aparılmış monitorinqlər zamanı bir çox obyektlərdə pandusların mövcud olduğu, lakin quraşdırılmış bəzi pandus və rampaların standartlara uyğun olmaması səbəbindən əlilliyi olan şəxslərin infrastrukturdan müstəqil istifadəsi üçün müəyyən çətinliklərin yarandığı müşahidə edilib.
Hazırlanmış hesabatda monitorinq nəticəsində əldə edilmiş faktlar, fotolar, bu sahədə mövcud hüquqi öhdəliklərin təhlili və bir sıra təkliflər öz əksini tapıb.
Monitorinqin nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti qurumlara məktublar ünvanlanıb.
Qeyd edək ki, Ombudsman tərəfindən mütəmadi olaraq infrastruktur obyektlərinin əlilliyi olan şəxslərə münasibətdə müyəssərliyinin təmin olunması ilə bağlı tövsiyələr irəli sürülür və bu cür monitorinqlər davamlı xarakter daşıyır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


