AZ

"E-Şikayət" sistemi üzrə I rübün nəticələri açıqlandı

Bu ilin birinci rübündə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” sisteminə ümumilikdə 1741 şikayət daxil olub.

Bu barədə İKTA-dan bildirilib.

Məlumata görə, müraciətlərin 45,8%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 22,6%-i mobil internet və rabitə xidmətləri, 31,6%-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 19 şikayət daxil olub. Müraciətlər 81 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Birinci rübdə telekommunikasiya xidmətləri üzrə “E-Şikayət” sisteminə ümumilikdə 1191 müraciət daxil olub. Bunların böyük qismi, yəni 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 33%, telefon rabitəsi üzrə isə 5,2%-dir.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə müraciətlərdə ən çox pay 16,1%-lə xidmətin işləməməsinə, 13,5%-lə xidmət keyfiyyəti ilə bağlı məsələlərə, 10,8%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlərə aiddir.

Mobil rabitə xidmətləri üzrə daxil olan müraciətlərin əsas hissəsi operator dəyişdirilməsi (nömrədaşıma) ilə əlaqədar olub və bu kateqoriya üzrə müraciətlər 11,7% təşkil edib. Tariflərlə bağlı müraciətlər 6,4%, xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər isə 2,9% olub.

Telefon rabitəsi xidməti üzrə müraciətlərin 1,5%-i xidmətin işləməməsi, 1,3%-i infrastruktur problemləri, 1,1%-i isə xidmət təchizatçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərlə bağlıdır.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 2,5%-lə şəbəkə problemləri və tariflər, 0,6%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər barədə qeydə alınıb.

Poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin birinci rübü ərzində 550 müraciət daxil olub. Bu da 2026-cı ilin birinci rübü ərzində sistemə daxil olan ümumi şikayətlərin 31,6%-ni əhatə edir.

Poçt rabitəsi xidmətlərində müraciətlərin 90,7%-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 4,5% müraciətlər müştəri xidmətləri, digər 4,8% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 88,7%-i sürətli poçt xidmətləri, 11,3%-i universal poçt xidmətləri barədə olub.

Ünvan olaraq müraciətçilərin 57,2%-i Bakını qeyd edib. Abşeron – Xırdalan üzrə bu göstərici 4,8%, Sumqayıt üzrə isə 4,3% təşkil edib. Daxil olan müraciətlərin ümumilikdə 78,9%-də vətəndaşlar əsasən 10 bölgəni – Bakı, Abşeron – Xırdalan, Sumqayıt, Cəlilabad, Gəncə, Lənkəran, Quba, Naxçıvan, Ucar və Astaranı ünvan olaraq göstəriblər.

İlk üç ayda sistem üzərindən müraciət edənlərin 88,3%-ni kişilər, 11,7%-ni isə qadınlar təşkil edib.

"Cebheinfo.az"

Seçilən
5
12
cebheinfo.az

10Mənbələr