AZ

Parkinson xəstəliyini necə tanımaq olar? - Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır

Hər il 11 aprel tarixində qeyd olunan Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü bu xəstəlik barədə maarifləndirmənin artırılması, erkən diaqnostikanın təşviqi və xəstələrə göstərilən dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Məmmədova Nərmin ilə Parkinson xəstəliyi  ilə bağlı ən çox verilən suallara aydınlıq gətirib.

– Doktor, Parkinson xəstəliyi nədir və niyə yaranır?

– Parkinson xəstəliyi beyində hərəkətlərimizin ahəngini və koordinasiyasını təmin edən dopamin adlı neyrotransmitteri istehsal edən hüceyrələrin tədricən məhv olması ilə xarakterizə rdilən xroniki nevroloji bir prosesdir. Dopamin səviyyəsi azaldıqca beyin əzələlərə düzgün komandalar göndərə bilmir, bu da hərəkət pozuntularına, əzələ sərtliyinə və hərəkətlərin ləngiməsinə səbəb olur.
Bu proses əsasən bazal qanqliyaların fəaliyyətində disbalans yaradır və nəticədə həm könüllü, həm də avtomatik hərəkətlər pozulur. Xəstəlik tədricən irəliləyir və erkən mərhələlərdə çox vaxt nəzərə çarpmaya bilər. Xəstəliyin dəqiq yaranma səbəbləri məlum olmasa da bir neçə faktorun təsiri əsas götürülür.

Müəyyən mutasiyalar xəstəliyə meyillilik yarada bilər, lakin bu hallar ümumi pasiyentlərin kiçik hissəsini təşkil edir. Xəstəlik əsasən 60 yaşdan sonra daha çox rast gəlinir. Bununla yanaşı, oksidativ stress, neyroinflamasiya və hüceyrə səviyyəsində metabolik pozğunluqlar da dopamin sintez edən hüceyrələrin məhvinə səbəb olur.


– Parkinson xəstəliyinin əlamətləri necə inkişaf edir və gündəlik həyata necə təsir edir?

– Parkinson simptomları gizli başlayır və zaman keçdikcə daha aydın şəkildə üzə çıxır.

Adətən hərəkətlərin yüngül ləngiməsi, bədənin bir tərəfində, əksərən bir əldə titrəmə ilə başlayır. Xəstələr addımların kiçildiyini, hərəkətlərin əvvəlki kimi çevik olmadığını hiss edirlər.

Üz ifadələrinin zəifləməsi (maskayabənzər üz), balans pozuntuları, yıxılma riski və əl yazısının xırdalaşması (mikroqrafiya) tipik əlamətlərdir. Zamanla posturun önə doğru əyilməsi, yerimə zamanı addımların sürüşkən və qısa olması diqqət çəkir.

Depressiya, yuxu pozuntuları, qoxu hissinin azalması, qəbzlik, yorğunluq və vegetativ dəyişikliklər xəstəliyin mühüm komponentləridir. Bu əlamətlər bəzən motor simptomlardan əvvəl meydana çıxa bilər.

Bu dəyişikliklər nəticəsində gündəlik fəaliyyətlər, məsələn qidalanma, geyim, şəxsi gigiyena çətinləşir və xəstənin müstəqilliyi tədricən azalır.

– Parkinson xəstəliyinin diaqnozu necə qoyulur və hansı müayinələrdən istifadə olunur?

– Hazırda Parkinson xəstəliyini birbaşa təsdiqləyən spesifik laborator və instrumental müayinə mövcud deyil və diaqnoz əsasən klinik qiymətləndirməyə əsaslanır.

Həkim tremorun xarakterini, hərəkətlərin sürətini, əzələ tonusunu və tarazlığı qiymətləndirir. Bradikineziyanın (hərəkətlərdə ləngimə) mövcudluğu əsas diaqnostik kriteriyalardan biridir.

MRT və KT müayinələri daha çox digər nevroloji patologiyaları istisna etmək üçün istifadə olunur. DaTSCAN (dopamin transporter skanı) isə dopamin səviyyəsinin azalmasını göstərməklə dopaminergik sistemin funksional vəziyyətini qiymətləndirməyə kömək edə bilər.
Dopaminergik preparatlara müsbət klinik cavab da Parkinson diaqnozunu gücləndirən mühüm göstəricidir.

– Parkinson xəstəliyi insanın psixoloji və emosional vəziyyətinə necə təsir edir?

– Parkinson xəstəliyi beyindəki neyrokimyəvi dəyişikliklər və fiziki məhdudiyyətlər səbəbindən psixoloji vəziyyətə ciddi təsir göstərir.
Depressiya və narahatlıq halları geniş yayılmışdır və bu vəziyyətlər həm bioloji, həm də sosial faktorlarla əlaqəlidir. Xəstələrdə sosial aktivliyin azalması və özünə inamın zəifləməsi müşahidə olunur.

İrəliləyən mərhələlərdə diqqət zəifliyi, yaddaş problemləri və demensiya riski arta bilər. Buna görə psixoloji dəstək, ailə və sosial mühitin qorunması müalicənin vacib hissəsi hesab olunur.

– Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün hansı strategiyalar mövcuddur?

– Müntəzəm idman hərəkətləri hərəkət amplitudasını qoruyur, əzələ sərtliyini azaldır və balansı yaxşılaşdırır.

Vitamin və mineral baxımından balanslı qidalanma ümumi sağlamlığı dəstəkləyir və bəzi qeyri-motor simptomların yüngülləşməsinə kömək edir.

Ev şəraitinin təhlükəsiz təşkili, sürüşməyən səthlər və köməkçi vasitələrdən, məsələn əsadan istifadə yıxılma riskini azaldır və müstəqilliyi artırır.

Psixososial dəstək: Sosial aktivlik və psixoloji yardım xəstənin emosional stabilliyini qoruyur.

– Parkinson xəstəliyinin gedişatında fizioterapiya və reabilitasiyanın rolu nədən ibarətdir?

– Fizioterapiya Parkinson xəstəliyində uzunmüddətli idarəetmənin əsas sütunlarından biridir və məqsəd yalnız simptomları azaltmaq deyil, həm də xəstənin funksional müstəqilliyini qorumaqdır. Reabilitasiya proqramı fərdi şəkildə tərtib olunur və xəstəliyin mərhələsinə uyğun olaraq davamlı şəkildə yenilənməlidir.

Reabilitasiya məqsədilə Hotpack, hidroterapiya, bimanual terapiya, elektroterapiya və digər köməkçi üsullar əzələ gərginliyini azaltmaq və hərəkət rahatlığını artırmaq üçün istifadə oluna bilər.

Oynaqların sərbəstliyini qorumaq və hərəkət məhdudiyyətinin qarşısını almaq üçün müntəzəm, nəzarətli hərəkətlər tətbiq edilir. Bu məşqlər xəstəliyin azalmasına kömək edir.

Tənəffüs və zehni fokuslanma ilə müşayiət olunan rahatlama üsulları ümumi əzələ tonusunu azaldır və hərəkətlərin daha sərbəst icrasına şərait yaradır.

Qamətin düzəldilməsi və döş qəfəsinin hərəkətliliyinin artırılması həm duruşun yaxşılaşmasına, həm də tənəffüs funksiyasının qorunmasına kömək edir.

Müqavimətə qarşı aparılan məşqlər vasitəsilə əzələ zəifliyi azaldılır və gündəlik fəaliyyətlər üçün tələb olunan fiziki güc saxlanılır.
Balans və koordinasiya təlimi: Müxtəlif mövqelərdə sabitliyin qorunması, çəkini ötürmə və istiqamət dəyişmə məşqləri yıxılma riskini azaltmaq üçün əsas rol oynayır.

Yerimə zamanı ritmin formalaşdırılması, addım uzunluğunun artırılması və hərəkətin başlanmasının asanlaşdırılması üzərində işlənilir. Bu məqsədlə vizual və ya səs stimullarından istifadə oluna bilər.

Bütün bu məşqlər mütləq şəkildə fizioterapevt tərəfindən ilkin qiymətləndirmədən sonra xəstənin fərdi ehtiyaclarına uyğun proqram daxilində tətbiq olunmalıdır.

Seçilən
10
8
bakivaxti.az

9Mənbələr