Donald Tramp administrasiyası Rusiya neftinə tətbiq olunan snaksiya icazələrinin müddətini uzatmağa hazırlaşır.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu addım İranla müharibə səbəbindən qlobal enerji bazarına zərbəni yumşaltmaq məqsədi daşıyır.
Bildirilir ki, ABŞ-da yanacaq qiymətləri kəskin şəkildə artıb və bu, noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl respublikaçılar üçün vacib məsələdir. İsrail, ABŞ və İran arasındakı müharibə bəzi tədarükləri faktiki olaraq iflic edib, buna görə də Tramp, çox güman ki, yenidən Rusiya yanacağına güzəşt edəcək.
Reuters xatırladır ki, ABŞ Maliyyə Nazirliyi mart ayında Rusiya nefti və neft məhsullarının dəniz yolu ilə alışına icazə verib. İcazənin müddəti bu gün bitir. Aprelin 9-da Maliyyə naziri Skott Bessent sanksiyalardan güzəştlərlə bağlı əlavə addımları müzakirə etmək üçün Trampla görüşüb. Bir mənbə bildirib ki, iki tərəf razılığa gəlib. Lisenziyanın uzadılması bazarı sabitləşdirmək üçün "yaxşı fikir" hesab olunur. Həmçinin məlum olub ki, Rusiya nümayəndəsi Kirill Dmitriyev artıq Moskva üçün faydaları hesablayıb. Onun sözlərinə görə, məhdudiyyətlərdən ilkin güzəşt 100 milyon barel Rusiya neftini sanksiyadan azad edib. Bu, faktiki olaraq bütün gündəlik qlobal istehsala bərabər olan böyük bir həcmdir.
Dmitriyev güzəşt müddətinin bitməsinə bir neçə gün qalmış yenidən ABŞ-da peyda olub. Onun məhz iqtisadi məsələləri müzakirə etmək üçün ora getdiyini Rusiya tərəfi açıqlayıb.
Vaşinqtonun siyasəti Avropada qəzəb dalğasına səbəb olur. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sərt açıqlama verib: "İndi Rusiyaya qarşı sanksiyaları yumşaltmağın vaxtı deyil".
Tənqidçilər əmindirlər ki, Tramp Qərbin səylərini sarsıdır. Neft satışından əldə edilən gəlirlər Ukraynaya qarşı müharibəni birbaşa maliyyələşdirir. Bundan əlavə, Ağ Ev əvvəllər də oxşar addımlar atıb. 20 martda ABŞ İran neft ixracına qarşı sanksiyaları 30 gün müddətinə ləğv etdi.
Respublikaçı senator Cerri Moran bu strategiyanı sərt şəkildə tənqid edib: "Neft sanksiyalarının ləğvi indi bizə zərər vermək istəyən ölkələrə fayda verir. İran və Rusiya amerikalıların və digər günahsız insanların həyatını təhlükəyə atmaq üçün fəal şəkildə əməkdaşlıq edirlər."
Musavat.com