AZ

İki həftəlik “tənəffüs”: ABŞ-İran atəşkəsi uzunmüddətli olacaq?

ABŞ-nin İranla bağlı mövqeyi daha da sərtləşir.

İranla danışıqlar üçün ABŞ-nin yeni bir şərti olduğu açıqlanıb. Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, rəsmi Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs təkliflərini qəbuledilməz hesab edir.

“İranın 10 maddəlik planı qəbuledilməzdir, Prezident Tramp və onun komandası tərəfindən sözün əsl mənasında zibil qutusuna atılıb”, - deyə o bildirib.

ABŞ-nin İranın atəşkəs təklifini zibil qutusuna atması fonunda sabah Pakistanda keçirilməsi planlaşdırılan görüşdə nəyi müzakirə edəcəklər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Amerikanın İrana verdiyi təkliflər Tehran üçün qəbuledilməzdir və eyni zamanda, İranın irəli sürdüyü şərtlər də Vaşinqton üçün qəbul olunası deyil.

O qeyd edib ki, bu baxımdan, mövcud vəziyyəti faktiki olaraq çıxılmaz saymaq olar:

“Hesab edirəm ki, elan olunan 2 həftəlik “tənəffüs” ilk növbədə ABŞ və İsrailə lazım idi. Çünki tərəflərin resursları tükənib, raket potensialı azalıb. Bir çıxış yolu tapdılar ki, nəfəslərini dərsinlər, ehtiyatlarını bərpa etsinlər. Bu səbəbdən, atəşkəsin uzunmüddətli və uğurlu olacağına inanmıram.

Vəziyyət kifayət qədər kövrəkdir. Digər tərəfdən, ABŞ-nin qarşıya qoyduğu hədəflərin - rejimin dəyişdirilməsi, İranın raket proqramının dayandırılması və müttəfiqləri ilə əlaqələrinin kəsilməsi kimi məqsədlərin reallaşması real görünmür. İran gücünü göstərdi. Onsuz da bəlli idi ki, İran bu qarşıdurmaya onilliklər ərzində hazırlaşırdı.

ABŞ bu məsələlərə bir qədər qeyri-ciddi yanaşdı. Elə bilirdilər ki, gəlib Venesuela sayağı işlərini həll edəcəklər, lakin bu baş vermədi. Bu kontekstdə, Pakistanda keçiriləcək görüşlərin də heç bir əhəmiyyəti yoxdur. Çünki artıq iki dəfə danışıqlar davam etdiyi halda hərbi əməliyyatların başladığının şahidi olmuşuq”.

Politoloq əlavə edib ki, nəticə etibarilə, hazırda ABŞ və İsrail özlərini biabırçı vəziyyətə salıblar:

“Bu, heç də yaxşı bir göstərici deyil. Yəni belə saymazlıq, körfəzdə İranla bərabər otura bilərəm, pulları bir yerdə yığarıq bölərik və s. kimi fikirlərlə Tramp siyasi cəhətdən ağsaq mövqe sərgiləyir. Ona görə də onun dedikləri artıq ciddi qəbul olunmur. 

Məhz ABŞ-nin daxilində belə bu məsələ müzakirə mövzusuna çevrilib. Hətta ABŞ Konstitusiyasının 25-ci maddəsi güdəmə gətirilə bilər. (ABŞ Konstitusiyasının 25-ci Əlavə Maddəsi (25th Amendment) mövcuddur və prezidentin səlahiyyətlərinin ötürülməsi, vitse-prezidentin boş vəzifəyə təyin edilməsi və prezidentin vəzifəni yerinə yetirə bilməməsi (xəstəlik və s.) halları ilə məşğul olur. 

1967-ci ildə ratifikasiya edilmiş bu maddə, prezidentin müvəqqəti və ya daimi olaraq iş qabiliyyətini itirdiyi halda dövlət idarəçiliyində boşluq yaranmaması üçün mexanizm təqdim edir). Artıq bəzi siyasətçilər onun koqnitiv, yəni əqli fəaliyyətinə diqqət çəkirlər. ABŞ siyasətinin bu şəkildə həyata keçirilməsi dialoqdan, diplomatiyadan əsər-əlamət yoxdur.

Yaxın Şərqdə İsrail aranı bir-birinə vurur, bütün qonşularla müharibədədir. ABŞ-nin dünyanın müxtəlif yerlərində yüzlərlə hərbi bazası var və hara istəyirsə, ora müdaxilə edir və s. yəni bunlar imperialist siyasətini həyata keçirərək xalqların nifrətini qazanırlar. 

Məqsəd ondan ibarətdir ki, guya İsrailin təhlükəsizliyini təmin etmək üçün İran dağılmalıdır. Dayaz siyasətşünaslar, bəzi ekspertlər də bu yaxınlara qədər deyirdilər ki, İran 4-5 ilə parçalanacaq. Çünki prosesləri dərindən bilmirlər, çox yanlış və kor bucaqdan baxıb deyirlər”. 

Onun sözlərinə görə, ABŞ və İsrailin əsas problemi onda oldu ki, İrana hücum etdilər, bilmədilər ki, əks cavab olacaq:

“Cavab reaksiyasını gördülər və özləri tükəniblər. Buna görə də 2 həftəlik fasilə götürdülər. Mən danışıqların uğurla nəticələnəcəyinə inanmıram. 

Pakistanın isə bu prosesdə, xüsusilə də Baş nazir Şahbaz Şərifin rolu danılmazdır.Çünki onlar insanlıq məsələlərini nəzərə alaraq belə bir addım atdılar ki, heç olmasa, biraz ara verin. Onları heç olmasa, qısamüddətli fasiləyə razı sala bildi. Çünki həm İranda, həm də İsraildə ciddi dağıntılar var, insanlar zərər çəkir”.

Tofiq Abbasov vurğulayıb ki, Amerika və İsrailin bu yolda böyük bir uğuru olmayacaq:

“Düzdü, İranda da böyük tələfat və dağıntılar var. Azərbaycan Prezidenti İlham Əliyevin İrana humanitar yardım göndərməsi bir neçə mühüm mesaj verir. Bu, birinci növbədə sülhə çağırışdı. Digər tərəfdən yumşaq güc siyasətinin bariz nümunəsidir.

Azərbaycan göstərir ki, münaqişələr nə qədər kəskin olsa da, müəyyən məqamda, vaxtında dayanmaq lazımdır. İnsanların yaşadığı fəlakətləri nəzərə almaq lazımdır. Humanitar fəlakət artıq metafora deyil, reallıqdır. 

İnfrastrukturun məhv edilməsi bəşəri dəyərlərə ziddir. Artıq bəşəriyyətə qarşı gedirsiz, bunun adı hərbi cinayətlərdir. Ona görə bu proseslərin qarşısı alınmalıdır.

Təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı o gücdə deyil ki, bir tədbir görsün. Amma heç olmasa, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş iki dəfə bildirdi ki, baş verənlər dünya nizamını ciddi şəkildə pozur və müharibəyə mütləq son qoyulmalıdır”. 

Seçilən
27
50
cebheinfo.az

10Mənbələr