AZ

İran Xəzər razılaşmasını 8 ildir NİYƏ İMZALAMIR?

İranla 40 günədək davam edən müharibə Xəzərin təhlükəsizlik mövzusunu bir daha gündəmə gətirdi. Yada salaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Kiyev Xəzərdə ara-sıra hədəfləri vurur. İranla müharibədə də İsrail İranın Xəzər dənizindəki Ənzəli limanına zərbə endirdi. Qeyd edək ki, təsdiqlənmiş peyk görüntülərinə və videolara görə, limanda dəniz bazası, bir neçə gəmi və qayığı, komanda mərkəzi, təmir zavodu və liman infrastrukturuna ciddi zərər vurulub.

Məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci ilin avqustunda imzalanmış Konvensiya hələ də qüvvəyə minməyib. Səbəb İranın bunu parlamentdə ən müxtəlif bəhanələrlə yubatmasıdır. Xəzərin statusu məsələsində İran hər zaman qeyri-konstruktiv mövqe tutub. Bunun da səbəbi ondan ibarətdir ki, İran Xəzəri göl hesab edirdi. Tehran bundan çıxış edərək hesab edirdi ki, Xəzərin bütün sərvətləri sahilyanı ölkələr arasında bərabər şəkildə bölünməlidir. Ancaq Azərbaycan daxil 4 sahilyanı dövlət Xəzəri beynəlxalq aləmdə qəbul olunduğu kimi, dəniz statusunda görmək istəyirdi. Nəhayət, 20 ildən çox çəkən müzakirələrdən sonra İran Xəzərin indiki statusu ilə razılaşdı. 2018-ci ilin avqustunda Xəzərin statusuna dair sahilyanı ölkələr tərəfindən Konvensiya imzalandı. Lakin indiyə qədər Konvensiyanı yeganə olaraq İran parlamentdə ratifikasiya etməyib. Bu da İranın əvvəlki mövqeyi ilə bağlı olan məsələdir. Tehran süni olaraq məsələnin birdəfəlik həllini yubadır. Görünən odur ki, İran yenə də əvvəlki kimi Xəzəri göl statusunda görmək istəyir. Bu, Tehran rejiminin qeyri-sağlam siyasətindən irəli gəlir.
Maraqlıdır, İran 8 il əvvəl razılaşdırılmış və beş Xəzəryanı dövlətin təsdiqlədiyi Konvensiyanı bugünədək niyə ratifikasiya etmir?

Fikret-Yusifov2.jpg

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, İranın Xəzərin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanı təsdiq etməməsinin hər hansı bir ciddi səbəbi yoxdur, sadəcə İran yerləşdiyi regionda heç bir məntiqə sığmayan, ona dövlət kimi yaxşı heç nə vəd etməyən lüzumsuz bir regional siyasət sərgiləməkdədir: “Bu siyasətin kökü 47 il öncə İranda hakimiyyətə gəlmiş molla rejimi tərəfindən qoyulubdur. Biz bu rejimin sözçülərinin dilindən Şimali Azərbaycanın və Bəhreynin İran əraziləri olduğu kimi iddiaları az eşitməmişik. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzindəki Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarını öz ərazisi hesab etsə də, İran onları işğal edib və bu səbəbdən iki ölkə arasında uzun zamandır mübahisə davam edir.

Xəzər ətrafında yerləşən ölkələrin hər birinin istifadəsində olan bir dənizdir. Sahilyanı ölkələr uzun zaman Xəzərin hüquqi statusunun müəyyən olunması istiqamətində danışıqlar apardırlar və nəhayət sonda ümumi razılığa gəlib 2018-ci ildə məlum Konvensiyanı qəbul etdilər. İran da bu sənədə öz imzasını atıbdır, lakin həmin sənədin parlamentdə ratifikasiya olunmasına imkan vermir. Nədən? Deməli, rejimin nə vaxtsa bu məsələ ilə bağlı yeni bir siyasi cığallıq etmək iddiaları var. Konvensiyanın təsdiqini uzadıb, zaman qazanmaq və “zamanı yetişdikdə” sənəddən imtina edib, Xəzərin bölgüsünün İranın daha böyük maraqlarını təmin edən yeni variantını təklif etməkdir”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
5
50
musavat.com

10Mənbələr