AZ

İraqda qaçırılan ABŞ jurnalisti "canlı qalxan" kimi saxlanılır

Amerikalı jurnalist Şelli Kittlson, ötən həftə İraqda qaçırılmasına baxmayaraq sağdır və silahlı qrup tərəfindən “canlı qalxan” kimi saxlanılır.

“İki sahil” xəbər verir ki, bu barədə The Washington Post qəzeti İraq xüsusi xidmət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, jurnalist martın 31-i axşam saatlarında Bağdadda naməlum şəxslər tərəfindən qaçırılıb. Hadisə ilə bağlı ilkin mərhələdə rəsmi qurumlar ətraflı açıqlama verməsə də, sonradan bildirilib ki, oğurluqda İranla əlaqəli olduğu deyilən Kətaib Hizbullah qruplaşmasının əli ola bilər. Lakin təşkilat bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

İraq və ABŞ xüsusi xidmət orqanlarının ehtimallarına əsasən, Şelli Kittlson hazırda Bağdaddan təxminən 40 kilometr məsafədə yerləşən Cürf əs-Saxar şəhərində saxlanılır. Bu ərazi sözügedən silahlı qruplaşmanın əsas dayaq məntəqələrindən biri hesab olunur. Məlumata görə, jurnalist ABŞ-ın mümkün hərbi zərbələrinin qarşısını almaq məqsədilə “canlı qalxan” kimi istifadə edilir.

Qəzet qeyd edir ki, ABŞ qüvvələri daha əvvəl İrana qarşı əməliyyatlar çərçivəsində bu bölgəyə bir neçə dəfə zərbə endirmiş və nəticədə bəzi silahlılar zərərsizləşdirilmişdi. Lakin jurnalistin qaçırılmasından sonra həmin əraziyə hücumlar dayandırılıb.

Şelli Kittlson Bağdad və İtaliyada yaşayırdı və Yaxın Şərq və Əfqanıstandakı hadisələr üzrə ixtisaslaşmış Al-Monitor informasiya xidməti ilə əməkdaşlıq edirdi. O, həmçinin BBC, ANSA agentliyi, eləcə də Foreign Policy və Newsweek kimi nüfuzlu nəşrlərlə də işləyib.

Seçilən
17
50
ikisahil.az

10Mənbələr