AZ

İsveçli rejissor Naxçıvanda “Yaddaşda yaşayan Vətən” sənədli filmin çəkilişlərinə başlayıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 7 aprel, AZƏRTAC

Naxçıvana artıq üçüncü dəfə qayıtmaq mənim üçün böyük şərəfdir. Hər səfərim bu möhtəşəm diyarın yeni qatlarını kəşf etməyə, onun zəngin mədəni və tarixi irsini daha dərindən anlamağa imkan yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri isveçli sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda yeni film çəkilişləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Naxçıvanla tanışlığı əvvəlki sənədli filmi “Nuhun ayaq izləri” ilə başlayıb: "Bu 40 dəqiqəlik film Naxçıvanı insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edir - harada ki, tarix və əfsanə bir-birinə qovuşur, mədəni yaddaş minilliklər boyu qorunub saxlanılır. Həmin filmdə mən Naxçıvanı təbiəti, abidələri və mədəni yaddaşı vasitəsilə canlı arxiv kimi göstərməyə çalışdım. Biz tez-tez Əlincəqala kimi qədim qalaları, Ordubadın tarixi şəhər mühitini, o cümlədən unikal Qeysəriyyə kompleksini, insan yaradıcılığının ən qədim izlərini daşıyan Gəmiqaya qayaüstü təsvirlərini, həmçinin mənəvi dəyərlərin və yerli inancların bu gün də yaşadığı müqəddəs Əshabi-Kəhf ziyarətgahını lentə aldıq".

Rejissorun sözlərinə görə, film, eyni zamanda, Naxçıvanın zəngin intellektual və bədii irsini də əks etdirir. “Buraya fəlsəfi düşüncəsi ilə nəsillər boyu rezonans doğuran Hüseyn Cavid, eləcə də insan taleyini və təsvirləri böyük həssaslıqla əks etdirən rəssam Bəhruz Kəngərli kimi görkəmli şəxsiyyətlər daxildir. “Nuhun izləri” filmi Avropa da daxil olmaqla, bir sıra ölkələrdə nümayiş etdirilib, bu unikal regionu beynəlxalq auditoriyaya tanıtmağa töhfə verib. Bu film vasitəsilə mən Naxçıvanı uzaq və az tanınan bir məkan kimi deyil, dərin tarixi davamlılığa, zəngin mədəniyyətə və insan hekayələrinə malik bir diyar kimi təqdim etməyə çalışdım”, - deyə o əlavə edib.

"Bu gün isə mən yeni sənədli film layihəsi ilə buradayam — “Yaddaşda yaşayan Vətən”. Bu film Cənubi Qafqazda məcburi köçkünlük yaşamış azərbaycanlıların mədəni irsinə, eləcə də mədəniyyətin yaddaş, sənət və ənənələr vasitəsilə necə yaşamaqda davam etdiyinə həsr olunub. Naxçıvan bu film üçün təbii və vacib çəkiliş məkanıdır. Bu, təkcə onun coğrafi yaxınlığı ilə deyil, həm də bu irslə dərin mədəni, musiqi və kulinariya bağlılıqları ilə əlaqədardır. Burada biz qeyri-maddi mədəni irsin mühüm elementlərini çəkirik. Mənim üçün bir rejissor kimi, bu layihə çox insani bir sual haqqındadır: insanlar öz doğma torpaqlarından ayrı düşsələr belə, mədəniyyət necə yaşayır və necə qorunur? Mən bu layihədə kimliyin necə qorunduğunu anlamağa çalışıram - musiqidə, poeziyada, rəqsdə, sənətkarlıqda və gündəlik həyatda"- deyə Mikael Silkeberq bildirib.

O əlavə edib ki, coğrafiya dəyişsə belə, mədəniyyət yaşayır: "İsveçdən gələn biri kimi hiss edirəm ki, Skandinaviya ilə bu region arasında təbii bir yaxınlıq var. Bu film, eyni zamanda, daha geniş dialoqun bir hissəsidir — Şimal və Cənub arasında, Skandinaviya ilə Azərbaycan arasında mədəni körpüdür. Ümid edirəm ki, bu sənədli film vasitəsilə beynəlxalq auditoriya Azərbaycanı yalnız mətbuat xəbərlərindən deyil, onun mədəniyyəti, insanları və insani hekayələri vasitəsilə tanıyacaq. Bu hekayələr universaldır və hamımıza aiddir".

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
azertag.az

6Mənbələr