AZ

“Terrorçuluğa qarşı mübarizə” və “Media haqqında” qanunlara dəyişiklik plenar iclasa tövsiyə edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 6 aprel, AZƏRTAC

Aprelin 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin birinci məsələsinin – Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) komitələr tərəfindən birgə müzakirə olunacağını söyləyib, sənəddə təklif olunan dəyişikliklərin vacibliyindən danışıb. Qeyd edib ki, qanun layihəsi süni intellekt texnologiyalarından sui-istifadə hallarının qarşısının alınmasına, şəxslərin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin qorunmasına xidmət edir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov layihənin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, sənəd süni intellekt texnologiyalarından istifadə edilməklə reallığı əks etdirməyən foto, video və audiomaterialların hazırlanması və yayılması ilə bağlı hüquqi çərçivənin formalaşdırılması məqsədi daşıyır. Buna görə qanunda müvafiq hüquqi məsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur. Qeyd olunub ki, Cinayət Məcəlləsinə əlavə edilən iki yeni maddəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audiomaterialların hazırlanması və yayılması, habelə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik edilərək cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma müəyyən edilir. Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklərlə süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyən olunur.

Daha sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək, ölkəmizə qarşı süni intellektəsaslı hücumların coğrafiyasından bəhs edib, süni intellektin milli təhlükəsizlik üçün bir sıra təhdidlər yaratdığını qeyd edib. O, bu məsələdə beynəlxalq dəstək qazanmaq üçün digər ölkələrlə birlikdə, müvafiq model qanunlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən söhbət açıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev süni intellekt texnologiyalarından istifadə etməklə yaradılan saxta görüntülərin ayrı-ayrı şəxslərin nüfuzuna xələl yetirdiyini, ümumilikdə ictimai sabitliyə təhlükə yaratdığını bildirib. O qeyd edib ki, belə saxta məzmunların kütləvi şəkildə yayılması informasiya mühitini alətə çevirərək cəmiyyətdə inamsızlıq yaradır, bəzi xarici qüvvələr məhz bu imkanlardan istifadə edərək ictimai rəyi manipulyasiya etməyə, dövlətin beynəlxalq imicinə zərər vurmağa çalışır. Komitə sədri təqdim olunan qanun layihəsinin yalnız hüquqi deyil, həm də strateji təhlükəsizlik baxımından önəmli olduğunu vurğulayıb.

Məsələ ətrafında aparılan müzakirələrdə qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əhəmiyyətindən söhbət açılıb, bəzi qeyd və təkliflər səsləndirilib.

Tədbirdə iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri müzakirələrdə səsləndirilən fikirlərə münasibət bildiriblər, deputatların suallarını cavablandırıblar.

Sonra iclasda Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) təqdim edilib.

Layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir. Təklif olunan dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsində cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək, dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır.

Onlayn iclasda habelə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib.

Daha sonra videokonfransda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

İclasda habelə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

İclasın sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə də baxılıb. Diqqətə çatdırılıb ki, Sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir.

Onlayn iclasın gündəliyində olan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
azertag.az

10Mənbələr