AZ

Gənc müəllimlər uşaq müdafiəsi və təhlükəsizliyi məsələləri barədə maarifləndirilib

Zaqatala, 4 aprel, AZƏRTAC

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Batıgöz”ün tərəfdaşlığı ilə Zaqatala şəhərində “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda seminar keçirilib. Zaqatala rayon Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda 400-dək müəllim iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.Tədbirin açılışında Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova çıxış edərək uşaq müdafiəsi və təhlükəsizliyi məsələlərinin aktuallığını diqqətə çatdırıblar.

Seminarda mütəxəssislər “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda təqdimatlarla çıxış ediblər. Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu İlahə Kələşova, ekspert qrupunun üzvü Vilayət Mirzəyeva, cərrah-oftalmoloq Elçin Osmanlı seminar iştirakçılarına uşaqların təhlükəsiz mühitdə inkişafı, psixoloji dəstək mexanizmləri və sağlamlıq məsələləri barədə ətraflı məlumat veriblər. Çıxış edənlər göz sağlamlığı, görmə problemlərinin erkən aşkarlanması və profilaktik müayinələrin əhəmiyyətini xüsusi vurğulayıblar.

Seminar çərçivəsində Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Vətən Müharibəsi Qəhrəmanı şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva inklüziv təhsilin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Tədbirin bədii hissəsində Zaqatala Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Sədəf” rəqs qrupunun üzvləri tərəfindən “Bayram” və “Uzun dərə” rəqsləri ifa olunub, Arif Qarəhmədlinin ifasında “Ey Vətən” mahnısı səsləndirilib.

Tədbir çərçivəsində iştirakçılar üçün göz müayinələri də təşkil olunub.

Qeyd edək ki, belə seminarlar uşaqların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi və cəmiyyətin bu sahədə maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müxbir – Mustafa Dadaşov

Seçilən
2
23
azertag.az

10Mənbələr