BMT Təhlükəsizlik Şurası aprelin 3-də Bəhreynin Birləşmiş Ərəb Əmirlikləri ilə birgə irəli sürdüyü Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı qətnamə layihəsini nəzərdən keçirməli idi. Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani qətnamənin əhəmiyyətini belə izah etmişdi ki, Hörmüz boğazındakı vəziyyət yalnız bölgə ölkələrinə deyil, dünya xalqlarına təhlükə yaradıb. Haqlıdır. Hörmüz boğazındakı vəziyyət dünyada yanacaq qiymətlərini artırmaqla yanaşı, kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinə də təsir edib.
Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzdündən 3-ü – Fransa, Rusiya və Çin qətnamənin qəbulunun qarşısını alıblar. Bundan əvvəl isə Tehran Moksva və Pekindən həmin qətnamənin qəbulunu əngəlləməyi xahiş edib. İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, Bəhreynin qətnaməsi Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq əvəzinə bölgədə gərginliyi daha da artıracaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarını bu sözlərlə dəstəkləyib: “Hazırki qətnamə sülh danışıqlarını pozmağa və İrana qarşı müharibəyə haqq qazandırır”. Birincisi, müharibənin dayandırılması üçün danışıqlar getmir, ikincisi görünür, Hörmüz boğazındakı mürəkkəb vəziyyət Rusiyanın maraqlarına cavab verir ki, Moskva BMT-də qətnamənin qəbulunun əleyhinədir.
Rusiyadan fərqli olaraq Hörmüz boğazındakı gərgin vəziyyət Fransa və Çinin maraqlarına cavab verməməlidir. Ümumiyyətlə Qərb ölkələrindən hər hansı birinin BMT-də Rusiya və Çinlə birgə mövqedən çıxış etməsi nadir hallarda baş verir. BMT Təhlükəsizlik Şurasında adətən Rusiya-Çin tandemi xoşlarına gəlməyən qətnamələrin qarşısını alırlar. Bu dəfə onlara Fransa da qoşulub. Məsələ ondadır ki, Fransa Prezidenti Emmanuel Makron İrandakı rejimi tənqid etsə də, ABŞ və İsrailin müharibəyə başlaması qərarını pisləyib. Bu səbəbdən Fransa BMT-də Rusiya və Çinlə birgə Körfəz ölkələrinin qətnaməsinin qarşısını alıb.
Hörmüz boğazında sabitliyin bərqərar olması birinci növbədə Çinin maraqlarına cavab verməlidir. Çünki, məhz Çin bu bölgədən ona lazım olan neftin idxalını həyata keçirir. Doğrudur, hazırda İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə mane olmur. Ancaq müharibənin davamı bütün hallarda Çinin iqtisadi və enerji maraqlarına zərbə vurur. Buna baxmayaraq, Pekin Hörmüz boğazında sabitliyin bərqərarını İrana qarşı müharibənin dayandırılması vacibliyi ilə əlaqələndirir. Təsadüfi deyil ki, Çinin xarici işlər naziri Van İ deyib ki, İranda müharibə davam etdiyi halda, Hörmüz boğazında sabitlik bərqərar olmayacaq. Tramp Pekinin bu mövqeyinə görə Çinə səfərini təxirə salıb.
Elxan Şahinoğlu