AZ

Almaniyanın xarici işlər naziri Aİ də mühüm qərarların qəbulunda yekdillik prinsipinin ləğvini vacib hesab edir

ain.az, Azertag saytına istinadən bildirir.

Berlin, 4 aprel, AZƏRTAC

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Avropa İttifaqında (Aİ) xarici və təhlükəsizlik siyasəti sahəsində qərarların qəbulu zamanı yekdillik prinsipinin ləğv olunmasını vacib hesab edir.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir mühüm qərarların qəbulu zamanı müxtəlif üzv dövlətlərin bloklamaları səbəbindən Aİ-nin fəaliyyət qabiliyyətinin təhlükə altında olduğunu qeyd edib. “Beynəlxalq səviyyədə fəaliyyət qabiliyyətli aktor və həqiqətən yetkin olmaq üçün biz Aİ-də xarici və təhlükəsizlik siyasətində yekdillik prinsipini bu qanunvericilik dövrü başa çatmadan ləğv etməliyik”, - deyə o vurğulayıb. Aİ-də ixtisaslı çoxluq sisteminin olduğunu qeyd edən Y.Vadeful son həftələrdə Ukraynaya yardımlar və Rusiyaya qarşı sanksiyalarla bağlı yaşanan təcrübələri buna misal göstərib.

Qeyd edək ki, bu tələblər əvvəllər də gündəmə gətirilib. Hazırda Aİ Şurasında səsvermələr üçün əsasən iki fərqli mexanizm mövcuddur. Xarici və təhlükəsizlik siyasəti və ya Aİ-nin genişlənməsi kimi həssas məsələlərdə yekdillik prinsipi tətbiq olunur. Bu prinsipə görə, bir üzv dövlətin vetosu qərarın qəbul edilməməsinə səbəb olur. İxtisaslı çoxluq prinsipinə əsasən isə qərarın qəbul olunması üçün üzv dövlətlərin azı 55 faizi (15 ölkə) onun lehinə səs verməlidir və bu ölkələr Aİ-nin 450 milyonluq əhalisinin ən azı 65 faizini təmsil etməlidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
23
azertag.az

10Mənbələr