Xətai rayonunda 12 min manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birindən oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, mağazanın şüşəsini sındıraraq içəri daxil olub və ümumi dəyəri 12 min manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.