AZ

DÇ-2026: Türkiyə sevindi, İtaliya mundialsız qaldı – ARENA.AZ

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılşaması keçirilib.

Arena.az xəbər verir ki, bununla da Avropadan mundiala son vəsiqələrin sahibləri müəyyənləşib.

Türkiyə millisi səfərdə Kosovo yığması ilə görüşüb və minimal hesabla qalib gəlməklə 24 illik fasilədən sonra dünya çempionatının final mərhələsində iştirak hüququ qazanıb.

İsveç millisi evdə Polşa yığmasıyla qarşılaşıb. Beş qolluq görüşün yekununda sevinən tərəf isveçlilər olublar.

İtaliya yığması səfərdə Bosniya və Herseqovina millisi ilə üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabıyla yekunlaşmış bu görüşün yekununda qalib penaltilər seriyasında müəyyənləşib. Bosniyalılar tarixi uğura imza ataraq İtaliyanı DÇ-2026-dan kənarda qoyublar.

Çexiya və Danimarka yığmalarının görüşündə də əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda da bərabərlik qeydə alınınca penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş çexlər dünya çempionatına vəsiqə qazanıblar.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil ediləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika da mundialın final mərhələsində iştirak hüququ qazanıb.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Finallar
31 mart

Bosniya Herseqovina – İtaliya 1:1 (penaltilər 4:1)
Qollar: Tabakoviç, 79 – M.Kin, 15.

İsveç – Polşa 3:2
Qollar: Elanqa, 19. Laqerbielke, 44. Dyökereş, 88 – Zalevski, 33. Sviderski, 55.

Kosovo – Türkiyə 0:1
Qol: K.Aktürkoğlu, 53.

Çexiya – Danimarka 2:2 (penaltilər 3:1)
Qollar: Şults, 3. Kreyçi, 100 – Andersen, 72. Hoq, 111.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
25
arena.az

10Mənbələr