“Barselona”nın mərkəz hücumçusu Robert Levandovski 2022-ci ilin iyul ayında “Bayern”dən “Barselona”ya keçidini xatırlayıb.
Arena.az 37 yaşlı polyak ulduzun müvafiq xatirəsini təqdim edir:
“Barselona”ya keçidimlə bağlı qərar karyeramda ən çətinlərdən idi. “Bayern”də hər şeyi qazanmışdım, amma o məqamda hiss etdim ki, yeni nəyəsə ehtiyac duyuram”, deyə “Lyova” xatırlayıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 37 oyuna çıxıb, 16 qol vurub, 3 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 184 oyun, 117 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 164 oyun keçirib, 89 qol vurub, 38 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
