ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"Prezidentlə hərbi elita arasında qarşıdurma güclənir, ölkə iqtisadi kollaps təhlükəsi ilə üz-üzə qalır..."
İranda hakimiyyət daxilində ciddi parçalanma yaranıb. Ölkə prezidenti Məsud Pezeşkian ilə faktiki olaraq böyük təsirə malik olan İslam İnqilabı Keşikçiləri Korpusu arasında dərin fikir ayrılıqları üzə çıxıb.
Moderator.az xəbər verir ki, bu barədə "Iran International" kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, münaqişənin mərkəzində isə müharibənin necə aparılması və onun ölkə iqtisadiyyatına təsiri dayanır. Mənbələrin bildirdiyinə görə, prezident Pezeşkian hərbi strukturları, xüsusilə də qonşu ərəb ölkələrinə qarşı davamlı hücumlara görə kəskin tənqid edir.
O hesab edir ki, bu siyasət regionda gərginliyi artırmaqla yanaşı, İranın daxilində sosial-iqtisadi vəziyyəti də sürətlə pisləşdirir. Prezident açıq şəkildə xəbərdarlıq edir ki, atəşkəs əldə olunmasa, ölkə iqtisadiyyatı cəmi bir neçə həftə ərzində tam çökmə ilə üzləşə bilər.
Mülki idarəetmə ilə hərbi strukturlar üz-üzə
Məlumata əsasən, Pezeşkian ölkədə real idarəetmənin yenidən mülki institutlara qaytarılmasını tələb edib. Lakin SEPAH lideri Əhməd Vahidi bu tələbi qəti şəkildə rədd edib. Əksinə, hərbi rəhbərlik mövcud böhranın məsuliyyətini hökumətin üzərinə qoyur və iddia edir ki, müharibədən əvvəl lazımi islahatlar həyata keçirilməyib.
Bu qarşıdurma əslində İranda uzun müddətdir mövcud olan iki paralel güc mərkəzinin - seçilmiş mülki hakimiyyət və güclü hərbi-strateji strukturların açıq toqquşmasına çevrilmək üzrədir. Müharibə isə bu ziddiyyətləri daha da kəskinləşdirib.
İqtisadi tənəzzül və sosial böhran: vəziyyət sürətlə pisləşir
Ölkədə vəziyyətin ən ağır tərəfi isə iqtisadi sahədə müşahidə olunur. Məlumatlara görə, bankomatlar işləmir və ya boşdur, onlayn bank sistemləri isə tez-tez sıradan çıxır. Əhalinin öz vəsaitinə çıxışı ciddi şəkildə məhdudlaşıb.
Qiymətlər isə demək olar ki, hər saat artır. Bəzi ərzaq məhsulları fevral ayı ilə müqayisədə artıq 50 faiz bahalaşıb. Rəsmi olmayan məlumatlara görə, ölkə əhalisinin təxminən 40 faizi yoxsulluq həddindən aşağı yaşayır, paytaxt Tehranda isə bu göstərici artıq yarıya çatıb.
Bütün bunların fonunda ölkənin ali dini lideri Müctəba Xamenei ictimaiyyət qarşısında görünmür. Onun yalnız yazılı müraciətləri yayılır və bəzi iddialara görə, müharibənin ilk günlərində yaralanaraq müalicə üçün xaricə aparılıb. Beləliklə, İranda müharibə yalnız xarici cəbhədə deyil, ölkə daxilində də hakimiyyət uğrunda ciddi mübarizəyə çevrilir. Bu isə vəziyyətin daha da qeyri-sabit hala gələcəyindən xəbər verir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.