AZ

Pezeşkian SEPAH-a qarşı: Prezident atəşkəs tələb edir...

İran rəhbərliyində ciddi fikir ayrılığı yaranıb, iqtisadi çöküş təhlükəsi vurğulanır...

Poliqon xəbər verir ki, bu barədə Iran International telekanalı məlumat yayıb. Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandiri Əhməd Vahidi arasında ciddi fikir ayrılığı yaranıb. Qarşıdurmanın əsas səbəbi müharibənin aparılma üsulları və bunun ölkə iqtisadiyyatına ağır təsiri ilə bağlıdır.

Bildirilir ki, Prezident Pezeşkian SEPAH-ın regionda gərginliyi artıran strategiyasını, xüsusilə qonşu ölkələrə qarşı həyata keçirilən hücumları kəskin tənqid edib. Dövlət başçısı hesab edir ki, bu cür eskalasiya siyasəti İranın həm daxili sabitliyini, həm də beynəlxalq mövqeyini ciddi şəkildə zəiflədir.

Mənbələrin məlumatına görə, Pezeşkian hökumət daxilində çıxışı zamanı xəbərdarlıq edib ki, əgər atəşkəs dərhal təmin olunmasa, İran iqtisadiyyatı yaxın üç-dörd həftə ərzində tam çöküşlə üzləşə bilər. O, xüsusilə maliyyə sistemində artan təzyiqləri, milli valyutanın dəyərsizləşməsini və ticarət əlaqələrinin daralmasını əsas risk faktorları kimi qeyd edib.

Eyni zamanda, SEPAH rəhbərliyinin isə daha sərt hərbi xətti davam etdirməkdə israrlı olduğu bildirilir. Bu isə İran rəhbərliyində strateji qərarların qəbulunda parçalanma riskini artırır və ölkənin gələcək siyasət kursu ilə bağlı qeyri-müəyyənlik yaradır.

Ekspertlərin fikrincə, belə bir daxili qarşıdurma İranın həm hərbi, həm də iqtisadi baxımdan vəziyyətini daha da mürəkkəbləşdirə bilər və regionda sabitliyə mənfi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
15
26
poliqon.info

10Mənbələr