Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətovun mediada yayılan məlumatına əsasən, Özbəkistandan respublikamıza bir tır Tropilaelaps adlı gənələrlə yoluxmuş arılar gətirilib. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə gənələrin digər ölkələrə keçmə riski yüksəkdir, – deyən B.Həsrətov əlavə edib ki, bu gənələr arıların sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür.
Qeyd olunub ki, assosiasiya tərəfindən Özbəkistandan Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib. Özbəkistanda Tropilaelaps gənəsi geniş yayılıb. Bu ölkə illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da çoxalıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını müəyyən etdikdən sonra idxala qadağa qoyublar.
B.Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd göstərilib və nəticədə buna nail olunub. Hazırda Özbəkistandan gətirilən bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb.
Arıçı Kamran Seyidəli isə XQ-yə bildirib ki, Özbəkistandan Azərbaycana gətirilən təhlükəli arılar bölgələrdə arıçılıqla məşğul olan şəxslərə təklif edilir. Onlar bildirirlər ki, əgər bunun qarşısı alınmasa, təsərrüfata çox böyük ziyan dəyəcək.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Özbəkistandan Azərbaycana gətirildiyi iddia edilən arılarla bağlı araşdırmaya başlayıb.