Azərbaycana gətirilən təhlükəli arıların fermerlərə satıldığı iddia olunur.
Oxu.Az xəbər verir ki, zərərçəkən fermerlərin sözlərinə görə, Özbəkistandan Azərbaycana gətirilən təhlükəli arılar bölgələrdə arıçılıqla məşğul olan şəxslərə təklif edilir. Onlar qeyd edirlər ki, əgər bunun qarşısı alınmasa, təsərrüfata çox böyük ziyan dəyəcək.
Xatırladaq ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib və onların Tropilaelaps gənəsi ilə yoluxduğu qeyd olunub. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə gənələrin digər ölkələrə keçmə riski yüksəkdir. Bu gənələr arıların sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür.
Qeyd olunub ki, assosiasiya tərəfindən Özbəkistandan Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib.
Sözügedən ölkə illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını müəyyən etdikdən sonra idxala qadağa qoyublar.