Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Milli.Az xəbər verir ki, nazirlik xam neft daşıyan, "ALTURA" adlı, Sierra Leone bayrağı altında üzən və türk şirkəti tərəfindən idarə olunan tankerin bu gün Qara dənizdə hücuma məruz qalmasını böyük narahatlıqla qarşıladığını bildirib.
Açıqlamada qeyd olunub: "Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr aparılır. Gəmidə olan 27 nəfərlik türk heyətinin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və buna bənzər hücumlar bölgədə insan həyatı, əmlak, naviqasiya və ətraf mühit təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Müharibənin Qara dəniz akvatoriyasına yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə təmaslarımızı davam etdiririk".
Bildirilib ki, bu çərçivədə Türkiyə bölgədəki iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq məqsədilə beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.
Milli.Az