AZ

“Xəyanətkar qonşu” kimdir? – İran ikinci dəfə eyni mesajı verdi

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf regionda “bir ölkə” ilə bağlı növbəti sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Qalibaf bildirib ki, bəzi məlumatlara görə, İranın düşmənləri bölgədəki bir ölkənin dəstəyi ilə İran adalarından birini işğal etmək üçün əməliyyat hazırlayır.

Onun sözlərinə görə, qarşı tərəfin bütün hərəkətləri İran silahlı qüvvələrinin tam nəzarəti altındadır.

İran rəsmisi xəbərdarlıq edib ki, əgər bu istiqamətdə ən kiçik addım belə atılarsa, həmin ölkənin bütün həyati əhəmiyyətli infrastrukturu heç bir məhdudiyyət olmadan fasiləsiz zərbələrin hədəfinə çevriləcək.

Diqqət çəkən məqam isə Tehranın son saatlarda “xəyanətkar qonşu” ifadəsini ikinci dəfə işlətməsidir. İran tərəfi daha əvvəl ölkənin cənubundakı Mindab bölgəsində uşaqlara qarşı hücumun hansı ərazidən həyata keçirildiyini bildiyini açıqlamışdı.

Rəsmi olaraq konkret ölkənin adı çəkilməsə də, İranın “qonşu ölkə” və “ada əməliyyatı” kimi ifadələri ehtimalları əhəmiyyətli dərəcədə daraldır. Analitiklər bildirir ki, bu siqnallar ilk növbədə Fars körfəzi bölgəsində yerləşən ölkələrə yönəlib.

Ən çox diqqət çəkən ehtimal isə Birləşmiş Ərəb Əmirlikləridir. Tehranla Əbu-Dabi arasında Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı uzun illərdir davam edən ərazi mübahisəsi mövcuddur və “ada əməliyyatı” ifadəsi məhz bu kontekstə uyğun gəlir.

Digər ehtimallar sırasında Səudiyyə Ərəbistanının da adı çəkilir. Bu ölkə İranla regional rəqabətdə əsas oyunçulardan biridir və ABŞ-la sıx əməkdaşlıq edir. Lakin onun İranla birbaşa ada mübahisəsi yoxdur.

Bundan əlavə, Bəhreyn də müəyyən ehtimallar arasında göstərilir. ABŞ hərbi bazasının yerləşdiyi bu ölkə Tehranla gərgin münasibətlərə malik olsa da, hərbi potensial və əməliyyat imkanları baxımından əsas ssenari kimi qiymətləndirilmir.

Ümumi qənaətinə görə, Qalibafın mesajı böyük ehtimalla Fars körfəzi regionunda İranla ərazi mübahisəsi olan və Qərblə yaxın əməkdaşlıq edən ölkəyə yönəlib. Bununla belə, rəsmi səviyyədə konkret ölkənin adı açıqlanmadığı üçün bu qiymətləndirmələr hələlik ehtimal xarakteri daşıyır.

 

Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr