AZ

Naxçıvanda “Bahar” festivalı başa çatıb

Naxçıvan şəhərində Novruz bayramı münasibətilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Bahar” festivalı zəngin proqramı və yüksək əhval-ruhiyyə ilə başa çatıb.

20–24 mart tarixlərini əhatə edən festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçrilib.

Festival çərçivəsində Xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış ediblər.

Tədbir müddətində müxtəlif dövlət qurumları tərəfindən sərgi və stendlər qurulub, xalq sənətkarlarının əl işləri, milli geyimlər və tətbiqi sənət nümunələri nümayiş etdirilib. Festival ərazisində sərgi-satış stendləri və iaşə köşkləri fəaliyyət göstərərək qonaqlara milli mətbəx nümunələri təqdim olunub. Eyni zamanda festival çərçivəsində idman çıxışları, pəhləvan şouları, “Şən startlar” yarışları, ustad dərsləri, rəsm müsabiqəsi, gənclər arasında intellektual oyunlar və əyləncəli proqramlar təşkil edilib. Könüllülərin fəal iştirakı ilə keçirilən fləşmoblar və digər təşəbbüslər tədbirə xüsusi dinamika və canlılıq qatıb.

Festivalın müxtəlif günlərində tanınmış ifaçılar Hiss, Mərdan Kazımov, DJ Amalov və son gün “Dərviş band” qrupunun iştirakı ilə keçirilən möhtəşəm konsert proqramı ilə “Bahar” festivalına yekun vurulub.

Beş gün davam edən festival şəhər sakinləri və qonaqlar üçün əsl bayram ovqatı yaradaraq Novruz ənənələrinin geniş şəkildə yaşadıldığını bir daha nümayiş etdirib.

Qeyd edək ki, konsertlərin təşkilinə ABB və “Ləzzət” Şirkətlər Qrupu dəstək olub.

Səbuhi HƏSƏNOV

Seçilən
1
7
xalqqazeti.az

8Mənbələr