AZ

Naxçıvanda “Bahar” festivalı başa çatıb

Naxçıvan, 25 mart, AZƏRTAC

Naxçıvan şəhərində Novruz bayramı münasibətilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Bahar” festivalı zəngin proqram və yüksək əhvali-ruhiyyə ilə başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 20-dən 24-dək dövrü əhatə edən festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində Xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış ediblər.

Tədbir müddətində müxtəlif dövlət qurumları tərəfindən sərgi və stendlər qurulub, sənətkarların əl işləri, milli geyimlər və tətbiqi sənət nümunələri nümayiş etdirilib. Festival ərazisində sərgi-satış stendləri və iaşə köşkləri fəaliyyət göstərərək qonaqlara milli mətbəx nümunələri təqdim olunub. Eyni zamanda, festival çərçivəsində idman çıxışları, pəhləvan şouları, “Şən startlar” yarışları, ustad dərsləri, rəsm müsabiqəsi, gənclər arasında intellektual oyunlar və əyləncəli proqramlar təşkil edilib. Könüllülərin fəal iştirakı ilə keçirilən fləşmoblar və digər təşəbbüslər tədbirə xüsusi dinamika və canlılıq qatıb.

“Bahar” festivalına tanınmış ifaçılardan Hiss, Mərdan Kazımov, DJ Amalov və son gün “Dərviş band” qrupunun iştirakı ilə keçirilən möhtəşəm konsert proqramı ilə yekun vurulub.

Beş gün ərzində festival şəhər sakinləri və qonaqlar üçün əsl bayram ovqatı yaradaraq Novruz ənənələrinin geniş şəkildə yaşadıldığını bir daha nümayiş etdirib.

Müxbir- Nail Əsgərov

 

Seçilən
1
7
azertag.az

8Mənbələr