AZ

Ermənistan tam şəkildə geri çəkildi- referendum an məsələsi...

"Konstitusiya dəyişməzsə, sabah gələn hakimiyyət sülh müqaviləsini ləğv edə bilər"

Son günlərdə Azərbaycan tərəfinin Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi barədə irəli sürdüyü tələblərlə bağlı qarşı tərəfdən verilən açıqlamalar diqqətləri çəkir. Baş nazir Nikol Paşinyanın ardından son olaraq, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə danışıb. O, bildirib ki, Ermənistan qonşularına qarşı ərazi iddialarından imtina etməlidir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Musavat.com-un suallarını cavablandırıb:

- Azərbaycanla uzun illər davam edən münaqişədən sonra sülh sazişi artıq real mərhələyə keçirmi?

- Artıq 8 aydır Azərbaycanla Ermənistan arasında sülh bərqərar olunub: "İki ölkənin sərhədində silahlar açılmır, sabitlik hökm sürür. Bir çox məsələlərin həll olunması üçün qarşılıqlı dialoqlar qurulur. Hətta Azərbaycan Ermənistana enerji məhsullarını ixrac edir. O cümlədən Ermənistandan Azərbaycana ixrac ilə bağlı məsələlər müzakirə olunur.  İki ölkə ticarətin qurulması və siyasi məsələlərin dialoq  yolu ilə həll olunmasında maraqlı olduğunu bildirir. Biz  uzun illərdən sonra artıq sülhün  nə olduğunu dadmağa başlamışıq. Həqiqətən sülh yaxşı şeydir.

- Ermənistan doğrudanmı həm Azərbaycana, həm də Türkiyəyə qarşı bütün ərazi iddialarından birdəfəlik imtina edir?

- Bu gün Ermənistanda iqtidarda olan Paşinyan hakimiyyəti reallığı dəyərləndirərək real Ermənistanı qurmağa çalışır: "Paşinyan real Ermənistanı beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və qonşu ölkələrə ərazi iddiaları olmadan sülh və əməkdaşlıq içində yaşamaqda görür. Məhz ona görə də Ağrı dağının təsvirləri rəsmi sənədlərdən çıxarıldı. İndi isə ölkəsinin konstitusiyasında dəyişiklik etməyə hazırlaşır. Paşinyan və Parlament sədri Alen Simonyan görüşlərdə və müsahibələrdə konstitusiyanın dəyişdiriləcəyini və onun ətrafında müzakirələrin aparıldığını bildirir. Həm də seçki prosesindən istifadə edərək konstitusiyasından qonşu ölkələrə olan ərazi iddialarının çıxarılacağını  açıq bəyan edir. Seçki kampaniyası Paşinyan və onun komandası üçün həm də konstitusiyanın dəyişdirilməsinin legitimləşdirilməsi üçün bir fürsət kimi istifadə edir.  Çünki Paşinyan seçkiyə konstitusiya reformu və "müharibəyə yox" şüarı ilə gedir. Hər şey seçkinin gedişatından və nəticələrindən asılı olacaq.

Rusiyadan

- Konstitusiya dəyişiklikləri bu istiqamətdə hüquqi zəmin yaradır, yoxsa bu sadəcə beynəlxalq təzyiqlərə cavabdır?

- Konstitusiya dəyişiklikləri ilə birmənalı şəkildə İrəvan Ermənistanın qonşu ölkələrinə olan ərazi iddialarından rəsmi şəkildə imtina etməli olacaqdır. Konstitusiya dəyişiklikləri edilmədən sülh bağlansaydı, bir müddətdən sonra hakimiyyət dəyişikliyi olanda gələn yeni hakimiyyət bağlanmış sülh müqaviləsinin konstitusiyaya zidd olduğunu bildirərək ləğv edə bilərdi. Çünki imzalanan bütün sənədlər konstitusiyaya uyğun olmalıdır. Yəni heç bir sənəd konstitusiyadan üstün ola bilməz. Ona görə də sülhün bağlanması üçün ilk növbədə konstitusion dəyişikliyin edilməsinin vacibliyini təkidlə tələb edirik. Paşinyan hakimiyyəti də tələbimizi qəbul edib.

- Regionda davamlı sülh üçün yalnız bəyanatlar kifayətdirmi, yoxsa konkret addımlar atılmalıdır?

- Bu istiqamətdə bəyanatların verilməsi vacibdir. Çünki hər bir sülh prosesi verilən bəyanatlar, aparılan danışıqlarla möhkəmlənir və real hərəkətlərlə həyata keçirilir. İndiki mərhələdə regionda sülhün möhkəmlənməsi üçün bəyanatlarla kifayətlənməli olduğunu başa düşürük. Çünki Ermənistan böyük siyasi prosesin astanasındadır.  Paşinyan və onun komandası pirojki, bişirilmiş kartof, qutab yeyərək avtobusla qapı-qapı gəzir və erməniləri  inandırmağa və iyun ayında yenidən dəstək qazanmağa çalışır.  Bu gün görünən odur ki, rəy sorğularında Paşinyanın müəyyən qədər üstünlüyü olsa da, Samvel Karapetyan və digərləri onun üçün ciddi rəqiblər kimi görünür. Paşinyan seçki prosesini uğurla başa çatdırandan sonra regional sülhün davamlı olması üçün real və konkret addımların atacağını və Azərbaycanla yekun sülhün imzalanması mərhələsinə keçid edəcəyini hesab edirəm.

- Əsas sual bundan ibarətdir ki, bu proses Cənubi Qafqazda uzunmüddətli sabitliyin başlanğıcı olacaqmı, yoxsa növbəti siyasi manevr kimi tarixə düşəcək?

- Azərbaycan, əraziləri 30 ildən çox işğal altında olmasına və xalqımıza qarşı soyqırımlar törədilməsinə baxmayaraq müharibəni sonlandırdığını bəyan etdiyi ilk gündən qarşı tərəfə sülh əlini uzadaraq düşmənçilik səhifəsini bağlamağı təklif edib: "Ermənistana təklifimizi qəbul etmək üçün müəyyən zamana ehtiyac oldu. Təbii ki, bunun üçün 20 sentyabr 2023-cü ildə Qarabağda lokal xarakterli antiterror tədbirlərin keçirilməsi vacib oldu.  İndiki mərhələdə isə Cənubi Qafqazda uzun müddətli sülh və əməkdaşlığın qurulması üçün bir mane qalmayıb. Yeganə maneənin Ermənistandakı seçkiqabağı siyasi gərginlik olduğunu hesab edirəm. Düzdür, Cənubi Qafqazı gərginlik regionu kimi görən və bu gərginlik üzərindən öz maraqlarını həyata keçirən qüvvələr olub və olacaqdır. Məsələn, belə qüvvələr Ermənistanda seçkiqabağı müxalifətə dəstək verir və yaranmış kövrək sülhü dağıtmağa çalışır. Məhz ona görə də Köçəryan seçkidə qalib gələrsə, Azərbaycanla yeni şərtlərlə sülh olacağını indidən bəyan edir. Bu o deməkdir ki, müxalifətin niyyəti sülh yox, yenidən müharibəyə hazırlıq və Cənubi Qafqazı gərginlik ocağına çevirməkdir. Amma onların istək və arzularının ancaq ürəklərində qalacağını hesab edirəm. Çünki, Cənubi Qafqazda sülh və əməkdaşlığın genişləndirilməsinin alternativi yoxdur. Məhz sülh və əməkdaşlığın möhkəmlənməsi Ermənistana müstəqilliyə qovuşması üçün bir fürsətdir. Bu fürsəti qaçırsalar, Ermənistan bir dövrlər kimi yer üzündən silinə bilər".


Cavanşir ABBASLI
Musavat.com

Seçilən
17
44
musavat.com

10Mənbələr