ABŞ Milli Kəşfiyyat Direktoru Ofisi "Qlobal Təhdid Qiymətləndirməsi" barədə illik hesabatını açıqlayıb.
Musavat.com newsru.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının akademiki, şərqşünas və türkoloq Ruben Safrastyan özünün Facebook səhifəsində yazıb.
Safrastyan bildirib ki, Ermənistana xüsusi diqqət yetirilir. "ABŞ-nin vasitəçiliyi ilə 8 avqustda keçirilən Ermənistan və Azərbaycan arasında sülh sammiti iki ölkə üçün davamlı sülhü möhkəmləndirmək üçün fürsət yaratdı və regional sabitliyin artmasına töhfə verdi. Sammitin nəticələrindən biri sülh müqaviləsinin şərtləri ilə bağlı ilkin razılaşma, eləcə də ABŞ-ın rəhbərlik etdiyi Tramp Beynəlxalq Sülh və Rifah Yolunun (TRIPP) yaradılması planları oldu. Bu yol Azərbaycanı Ermənistanın cənubundan Naxçıvan anklavı ilə birləşdirəcək və iki ölkə və bütün region arasında ticarət axınını açacaq.
Bu hadisələr Ermənistan-Azərbaycan münasibətlərinin dinamikasında əhəmiyyətli bir dəyişikliyi göstərir. Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması kəskin şəkildə azalıb və hazırda praktik olaraq yoxdur.
2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Bakının Azərbaycan ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri qaldırdığını elan etdi. O vaxtdan bəri Azərbaycan Ermənistana benzin tədarük edib və buğdanın tranzitinə icazə verib” deyə, hesabatda bildirilir.
Buna baxmayaraq, o da qeyd olunur ki, sülh müqaviləsinin yekun imzalanması yolunda maneələr qalmaqdadır. Xüsusilə söhbət Azərbaycanın Ermənistanda nəticəsinə zəmanət verilməyən konstitusiya referendumunun keçirilməsini tələbindən gedir.
“Ermənistandakı mövcud hüquqi və siyasi mühitdə referendum üçün tələb olunan minimum 50 faizlik iştiraka nail ola bilinməyəcəyi danılmaz bir faktdır. Hətta İrəvan meriyasına( Ağsaqqallar Şurasına) son seçkilərdə də cəmi 28,4 faiz seçici iştirak edib”. Hüquq elmləri doktoru Gevorq Danielyan açıqlamasında belə deyib. O hesab edir ki, referenduma ehtiyac yoxdur, çünki Müstəqillik Bəyannaməsində Azərbaycana ərazi iddiaları irəli sürülməyib, “sadəcə xalqın öz müqəddəratını təyin etmək hüququ tanınır”.

Gevorq Danielyan iddia edir ki, Ermənistan Konstitusiyanın preambulası dövlətçiliyin fundamental prinsiplərinə və Bəyannamədə təsbit olunmuş milli məqsədlərə əsaslanır. Onun sözlərinə görə, konstitusiyaya dəyişiklik tələbinin baş tutmaq ehtimalının aşağı olduğunu ABŞ-da yaxşı bilirlər.
ABŞ-nin “Qlobal Təhdid Qiymətləndirməsi” hesabatı da göstərir ki, Cənubi Qafqazda sülh prosesi müəyyən irəliləyiş əldə etsə də, hələ tam sabit mərhələyə keçməyib. Vaşinqton regionda iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılmasını müsbət faktor kimi qiymətləndirir.
Lakin əsas problem siyasi-hüquqi müstəvidə qalır. Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbi sülh sazişinin imzalanmasını ləngidən əsas maneə kimi görünür. Bu isə göstərir ki, tərəflər arasında etimad hələ də tam formalaşmayıb və proses hələ uzunmüddətli danışıqlar tələb edəcək.
Musavat.com