ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) fəaliyyətinin dayanması ölkəyə artıq 2,5 milyard dollara başa gəlib.
Musavat.com xəbər verir ki, bu məlumat Ağ Evin X səhifəsindədərc olunmuş açıqlamada yer alıb.
Ağ Evin bəyanatında deyilir: "400-dən çox TSA (Nəqliyyat Təhlükəsizliyi Administrasiyası - red.) işçisi işdən çıxarılıb. 2,5 milyard dollar itki baş verib. Hava limanları xaos içindədir və amerikalılar bunun nəticələrindən əziyyət çəkirlər. Demokratların siyasi oyunları günahkardır". Administrasiya Konqresdəki Demokrat siyasi rəqiblərini DHS-in maliyyələşdirilməsini dərhal dəstəkləməyə çağırıb.
ABŞ prezidenti Donald Tramp TSA işçilərinin çatışmazlığı fonunda 23 martdan etibarən hava limanının təhlükəsizliyini təmin etmək üçün ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının yerləşdiriləcəyini açıqlayıb.
DHS-in bir hissəsi olan Nəqliyyat Təhlükəsizliyi Administrasiyası 11 sentyabr terror hücumlarından sonra 2001-ci ildə yaradılıb və digər məsələlərlə yanaşı, hava limanının təhlükəsizliyinə də cavabdehdir.
14 fevralda Daxili Təhlükəsizlik Nazirliyi maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırıb. Demokrat Partiyasının nümayəndələri Minneapolis, Minnesota ştatında qanunsuz immiqrantlara qarşı əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki ABŞ vətəndaşının güllələnməsindən sonra bu nazirliyin maliyyələşdirilməsinə dair qanun layihəsinə yenidən baxmağa çalışırlar. Onlar nazirliyin tərkibində bir departament olan ICE-nin büdcəsini azaltmağı və onun fəaliyyətində düzəlişlər etməyi planlaşdırırlar.
Musavat.com