AZ

İran planı niyə iflasa uğradı? - Trampın Çin səfərini təxirə salmasının əsl kritik səbəbləri

Məlum olduğu kimi ABŞ Prezidenti Donald Tramp Çinə səfərini təxminəm altı həftə təxirə salıb. Bu barədə Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı  bildirib.

Xatırladaq ki, Trampın 31 mart – 2 aprel tarixlərində Çinə səfəri planlaşdırılırdı.

“Çinə səfərim zamanı Sədr Si Cinpinlə birlikdə Yaponiyanı tərifləyəcəyəm”, – deyə Amerika lideri bildirib. O, həmçinin Pekin və Tokio arasındakı münasibətlərdə gərginliyin davam etdiyini vurğulayıb. Bu baxımdan, Takaiçi Yaponiyanın Çin ilə dialoqa açıq olduğunu qeyd edib.

Bəs Trampın Çinə səfərini təxirə salması doğrudanmı yalnız İran amili ilə bağlıdır, yoxsa bunun arxasında daha geniş geosiyasi hesablamalar dayanır? İranın gözləniləndən daha uzun müddət müqavimət göstərməsi regiondakı güc balansını necə dəyişir?

Elxan

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu mövzuya bu cür mövqe bildirib:

"Trampın Çinə səfərini ən azı altı həftə təxirə salması İrana qarşı müharibənin yekunlaşmaması ilə əlaqəlidir. Onun martın sonlarında, aprel ayının ilk günlərində Çinə səfər edəcəyi barədə xəbər ABŞ-ın İrana müharibəyə başlamadan öncə yayılmışdı. Görünür, Tramp və onun ətrafı düşünürdü ki, Çinə səfərə qədər İran təslim olacaq. İran zəifləsə də, müqavimətini davam etdirir. Belə vəziyyətdə Donald Tramp İranla məsələləri bitirmədən Çinə səfərin doğru olmayacağı qənaətinə gəlib.

ABŞ Prezidenti ilə Yaponiyanın baş naziri iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirəcəkləri barədə razılığa gəliblər. Sanae Takaiçi Yaponiyanın ABŞ iqtisadiyyatına 73 milyard dollar yatırım qoyacağını vəd edib. Bundan başqa Yaponiya ABŞ-dan idxal etdiyi neftin həcmini artıracaq. İki ölkənin liderinin görüşündə beynəlxalq mövzular da müzakirə edilib. Sanae Takaiçi İran məsələsində ABŞ-ı dəstəklədiyini bildirib. Yaponiyanın baş naziri Hörmüz boğazındakı mürəkkəb vəziyyətin Yaxın Şərqlə yanaşı Hind və Sakit Okean bölgəsinə də mənfi təsirləri olduğunu söyləyib".

Politoloq qeyd edib ki, Tramp Hörmüz boğazı məsələsində Tokiodan əməli dəstək gözlədiyini gizlətməyib. “Yaponiyanın 45 min hərbçisi var” – deyən Tramp yaponiyalı hərbçilərin Hörmüz boğazının təhlükəsizliyində iştirakını arzuladığını bildirib.

Bəs Hörmüz boğazında mümkün hərbi iştirak məsələsində Tokio hansı risklərlə üz-üzədir?

Elxan Şahinoğlu qeyd edib ki, Tokio üçün bu məsələdə qərar vermək çətindir:

"Yaponiyanın baş naziri sözdə ABŞ-ni dəstəklədiyini bildirsə də, İrana qarşı müharibədə rol almaq istəmir. Ancaq Tokionun manevr imkanları məhduddur. Tokio Trampın dəstək çağırışlarına səssiz qalarsa, ABŞ-ın Yaponiyanı hərbi sahədə dəstəyi zəifləyə bilər. Bu isə bölgədə hərbi gücünü artıran Çinin işinə yarayacaq ki, bu halda Yaponiya üçün ciddi təhlükəsizlik problemi yaranacaq. Tokio həm də ondan narahatdır ki, Donald Tramp Çinə səfəri zamanı Yaponiyanın maraqlarını arxa plana ata bilər. Çinin hərbi gəmiləri Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərinin sayını artırıb.

Çinin Tayvanı nəzarətə götürmək siyasəti də Tokionu ciddi narahat edir. Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq. Tokionun Vaşinqtonun dəstəyinə ehtiyacı var. Belə olan halda Tokio Vaşinqtonun istəklərini nəzərə almaq məcburiyyətindədir".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
49
6
musavat.com

10Mənbələr