A.Nəbiyevin sözlərinə görə, çoxmənzilli binalarda vəziyyət daha mürəkkəbdir, çünki ümumi elektrik şəbəkəsi bütün sakinlər arasında bölüşdürülür və əlavə yüksək güc yükü transformatorun və ya bina daxili xətlərin yüklənməsinə səbəb ola bilər:"Bu səbəbdən belə hallarda ilk növbədə binanın elektrik güc ehtiyatı qiymətləndirilməli, bina idarəetməsi və ya müvafiq qurumlardan icazə alınmalı, mümkün olduqda ayrıca sayğac xətti çəkilməli və ya mövcud xətt gücləndirilməlidir. Yeraltı qarajlarda və ya açıq dayanacaqlarda şarj nöqtəsinin quraşdırılması zamanı kabelin qorunması, su və rütubətə davamlılıq (IP standartları), yanğın təhlükəsizliyi normaları və düzgün montaj xüsusi əhəmiyyət daşıyır. Əlavə olaraq bəzi binalarda ağıllı enerji idarəetmə sistemləri (load balancing) tətbiq olunur ki, bu da eyni anda bir neçə avtomobilin şarjı zamanı şəbəkənin yüklənməsinin qarşısını alır. Ekspert qeyd edib ki, hüquqi baxımdan elektrik enerjisinin istifadəsi, sayğacdan kənar qoşulmaların yolverilməzliyi və ümumi əmlakda dəyişikliklərin razılaşdırılması məsələləri də nəzərə alınmalıdır:"Nəticə etibarilə texniki baxımdan elektrik avtomobilini ev şəraitində şarj etmək tam mümkündür, lakin bu proses yalnız düzgün layihələndirmə, uyğun avadanlıq seçimi və təhlükəsizlik normalarına riayət olunduğu halda həm rahat, həm də risksiz olacaq".Sevinc İbrahimzadə / Metbuat.az