EN

Avtomobili evdə şarj etmək olar? -

Bəziləri artıq elektrik avtomobillərini evdə və ya çoxmənzilli binalarda şarj etməyə üstünlük verir. Bəs fərdi evdə və ya çoxmənzilli binada elektrik avtomobili evin, yaxud binanın mövcud elektrik şəbəkəsindən şarj edərkən hansı şərtlərə diqqət etmək lazımdır? Nəqliyyat eksperti Adil Nəbiyev Metbuat.az-a açıqlamasında bildirib ki, adi məişət elektrik xətləri hər zaman uzunmüddətli yüksək güc yüklərinə hesablanmır və bu da naqillərin qızması, avtomatların tez-tez atması və hətta yanğın riskinin yaranması ilə nəticələnə bilər: "Fərdi evlərdə əsas üstünlük ondan ibarətdir ki, elektrik xətti üzərində nəzarət və dəyişiklik etmək daha asandır, bu halda ən doğru yanaşma xüsusi şarj qurğusunun, yəni "wallbox"un quraşdırılmasıdır. Bu qurğular enerji ötürülməsini optimallaşdırır, avtomobili daha sürətli və təhlükəsiz şarj edir və elektrik şəbəkəsini qoruyur. Burada əsas diqqət olunmalı məqamlar xəttin gücü (adətən ən azı 7 kVt və ya daha çox tövsiyə olunur), ayrıca qoruyucu avtomatın və diferensial qoruyucunun (RCD) quraşdırılması, torpaqlama sisteminin düzgün işləməsi və kabelin kəsiyinin uyğun seçilməsidir. Əgər evdə üçfazalı (380V) elektrik varsa, bu zaman daha sürətli və stabil şarj imkanı yaranır, lakin birfazalı (220V) şəbəkədə də şarj mümkündür, sadəcə daha uzun zaman tələb edir".A.Nəbiyevin sözlərinə görə, çoxmənzilli binalarda vəziyyət daha mürəkkəbdir, çünki ümumi elektrik şəbəkəsi bütün sakinlər arasında bölüşdürülür və əlavə yüksək güc yükü transformatorun və ya bina daxili xətlərin yüklənməsinə səbəb ola bilər:"Bu səbəbdən belə hallarda ilk növbədə binanın elektrik güc ehtiyatı qiymətləndirilməli, bina idarəetməsi və ya müvafiq qurumlardan icazə alınmalı, mümkün olduqda ayrıca sayğac xətti çəkilməli və ya mövcud xətt gücləndirilməlidir. Yeraltı qarajlarda və ya açıq dayanacaqlarda şarj nöqtəsinin quraşdırılması zamanı kabelin qorunması, su və rütubətə davamlılıq (IP standartları), yanğın təhlükəsizliyi normaları və düzgün montaj xüsusi əhəmiyyət daşıyır. Əlavə olaraq bəzi binalarda ağıllı enerji idarəetmə sistemləri (load balancing) tətbiq olunur ki, bu da eyni anda bir neçə avtomobilin şarjı zamanı şəbəkənin yüklənməsinin qarşısını alır. Ekspert qeyd edib ki, hüquqi baxımdan elektrik enerjisinin istifadəsi, sayğacdan kənar qoşulmaların yolverilməzliyi və ümumi əmlakda dəyişikliklərin razılaşdırılması məsələləri də nəzərə alınmalıdır:"Nəticə etibarilə texniki baxımdan elektrik avtomobilini ev şəraitində şarj etmək tam mümkündür, lakin bu proses yalnız düzgün layihələndirmə, uyğun avadanlıq seçimi və təhlükəsizlik normalarına riayət olunduğu halda həm rahat, həm də risksiz olacaq".

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
88
metbuat.az

1Sources