Yaxın Şərq yenidən təhlükəli gərginlik mərhələsinə daxil olur. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən səsləndirilən son bəyanat – İranın qaz obyektlərinə hücumlara cavab olaraq Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ərazisindəki neft infrastrukturlarının hədəfə alına biləcəyi ilə bağlı xəbərdarlıq regionda hərbi eskalasiya riskini ciddi şəkildə artırıb. Enerji resurslarının mərkəzi hesab olunan bu coğrafiyada mümkün qarşıdurma yalnız lokal deyil, qlobal iqtisadi sabitlik üçün də ciddi təhdid kimi qiymətləndirilir. Belə bir vəziyyətdə sual yaranır: bu bəyanat real hərbi toqquşmanın başlanğıcıdır, yoxsa daha böyük geosiyasi oyunun tərkib hissəsidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, İranın Körfəz ölkələrinə qarşı bu tip addımları yeni deyil.

“Hücumlar əsasən ABŞ hərbi bazalarını hədəf alsa da, müəyyən hallarda mülki infrastruktura, otellərə və turizm mərkəzlərinə də zərbələr endirilib.
İndiki vəziyyətin əsas fərqi odur ki, bu dəfə mümkün hədəflər birbaşa enerji infrastrukturu ilə bağlıdır. Bu isə regionda iqtisadi böhranın daha da dərinləşməsinə səbəb ola bilər”.
Ekspert bildirib ki, belə bir ssenari baş verərsə, dünya enerji bazarlarında ciddi dalğalanmalar qaçılmaz olacaq.
“Körfəz ölkələrinin neft obyektlərinə hücumları qlobal təchizat zəncirinə zərbə vuraraq qiymətlərin kəskin artımına gətirib çıxaracaq. Son dövrlərdə intensiv qarşıdurmalar fonunda İran çoxsaylı hərbi və siyasi rəhbərlərini itirib. Bu səbəbdən Tehran getdikcə hücumların sayını azaltmaq məcburiyyətində qalır”.
Onun sözlərinə görə, mövcud dinamika davam edərsə, yaxın həftələrdə İranın müqavimət imkanları daha da zəifləyəcək:
“Gələn ayın ortalarına qədər İranın bu dirənişinin başa çatacağı ehtimal olunur. Tehran qarşı tərəfin – İsrail və onun müttəfiqlərinin irəli sürdüyü ortaq tələbləri qəbul etmək məcburiyyətində qala bilər”.
Aynurə İsmayıl
KONKRET.az