AZ

Lionel Messi 900-cü qolunu vurdu – ARENA.AZ

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS-də mübarizə aparan “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Neşvill” ilə qarşılaşıb.

38 yaşlı hücumçu doğma meydanda heç-heçə (1:1) etdikləri bu görüşdə 90 dəqiqə meydanda olub. İlk görüşdə hesab açılmadığı üçün rəqib səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib. Mayami klubu isə bu turnirdə mübarizəni dayandırıb.

Komandasının cavab görüşündəki yeganə qolunu da Messi vurub. Bununla da o, peşəkar karyerası ərzində 900-cu qoluna imza atıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 6 oyuna çıxıb, 4 qol vurub. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 94 oyun, 81 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
37
9
arena.az

10Mənbələr