ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Elm Gününə həsr olunmuş “İlham Əliyevin dövlətçilik siyasətində elmin inkişafı və strateji prioritetləri” adlı lektoriya keçirilib.
XQ xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lektoriyanı giriş nitqi ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov iştirakçıları qarşıdan gələn bayramlar, o cümlədən martın 27-si – Azərbaycanda Elm Günü münasibətilə təbrik edib. O, çıxışında Azərbaycanda elmin inkişafının dövlət siyasətinin mühüm prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Direktor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində elm və təhsil sahəsində mühüm islahatlar aparılıb, elmi infrastruktur gücləndirilib, alimlərin fəaliyyəti üçün daha əlverişli şərait yaradılıb.
Hüseyn Hüseynov bildirib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası da bu proseslərdə fəal iştirak edir, elmi informasiya təminatının gücləndirilməsi, elektron resurslar, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətlərində mühüm layihələr həyata keçirir. O, xüsusilə vurğulayıb ki, müasir dövrdə kitabxanalar yalnız informasiya məkanı deyil, həm də elmi mühitin formalaşmasına töhfə verən intellektual platformalardır.
AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək bu əlamətdar günlər ərəfəsində lektoriyada məruzəçi kimi iştirak etməkdən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, Azərbaycanda Elm Günü ölkəmizin strateji inkişaf xəttini formalaşdıran ziyalıların bayramıdır və bu, hər birimiz üçün qürur mənbəyidir. Məruzəçinin sözlərinə görə, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsinin dövlətimizin başçısının elm sahəsinə göstərdiyi qayğının, alimə verdiyi yüksək dəyərin təzahürüdür. Akademiyada hər il Elm Günü qeyd olunmaqla silsilə tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin çağırışlarına sadiqliyin ifadəsi kimi dəyərləndirilə bilər.
Alim məruzəsində Ulu Öndər Heydər Əliyevin XX əsrdə elm, təhsil, mədəniyyət sahəsində həyata keçirdiyi siyasəti xüsusilə vurğulayıb. Xatırladıb ki, 1969-cu ildə Bakı Dövlət Universitetinin yubileyində xalqımızın görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən səsləndirilən fikirlər, xüsusilə ana dili ilə bağlı məsələlərin önə çəkilməsi gələcək müstəqil Azərbaycanın dil siyasətinin formalaşmasına mühüm töhfə olub. Onun sözlərinə görə, həmin dövrün çətin siyasi şəraitində ana dilinin qorunması istiqamətində atılan addımlar böyük fədakarlıq nümunəsi idi.
Çıxışı zamanı S.Həsənov Azərbaycan alimlərinin xarici, xüsusilə türkdilli ölkələrlə elmi-mədəni əlaqələrinin formalaşmasında Ümummilli Liderin siyasətinin bilavasitə təsirindən, 15 may 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasının Milli statusu qazanmağından bəhs edib. O, həmçinin bilidirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt əsasında yetişən mütəxəssislər bu gün Azərbaycanın inkişafına mühüm töhfələr verirlər.
Çıxışda qeyd olunub ki, dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı tarixi çıxışı alimlər üçün yol xəritəsi olmaqla Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində onların fəal iştirakını nəzərdə tutur ki, bu da artıq əməli işlərlə göstərilir.
Sonda çıxışçı tədbir iştirakçılarını bir daha təbrik edərək Mərkəzi Elmi Kitabxananın da alimlərin formalaşmasında xüsusi rolu olduğunu bildirib.
Tədbirdə, həmçinin MEK-in Kitabxana xidməti üzrə direktor müavini fil.ü.f.d. Şəhla Quliyeva, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva, Sənədlərlə iş şöbəsinin baş mütəxəssisi, doktorant Könül Hüseynova və Kitabxana fondlarının təşkili, mühafizəsi və istifadəsi şöbəsinin müdiri Allahverən Allahverdiyev çıxış edərək dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi elmin inkişafı üçün dövlət tərəfindən yaradılan şəraiti yüksək dəyərləndiriblər.
Tədbir boyunca Azərbaycanda Elm gününə həsr olunmuş video süjet də nümayiş etdirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.