"Şirniyyatdan əvvəl sirkəli su içmək artıq çəkidən qoruyur" mövzu sosial şəbəkələrdə populyardır, amma elmi dəlil gücü şişirdildiyi qədər yüksək deyil".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, sirkənin tərkibindəki asetik turşu bəzi kiçik tədqiqatlarda qidanın mədədən boşalma sürətini və yeməkdən sonrakı qlükoza yüksəlməsini müəyyən qədər dəyişdirə bilib:
"Lakin bu effektlər əsasən qısamüddətli, kiçik nümunəli və klinik baxımdan məhdud işlərdə göstərilib. Yəni "şirniyyatdan əvvəl sirkə içdim, kökəlmərəm" fikri elmi baxımdan etibarlı deyil. Artıq çəkiyə təsir edən əsas amil yenə də ümumi enerji balansıdır: porsiya ölçüsü, gün ərzində qəbul edilən kalori, fiziki aktivlik və yuxu. Sirkəli su ən yaxşı halda bəzi insanlarda iştahanı azacıq cilovlaya bilər; amma bu, yüksək kalorili bayram qidalanmasını nəticələrini aradan qaldıracağı sayılmamalıdır. Bir sözlə, sirkə sadəcə çox mübahisəli və məhdud effektli olan bir metoddur.Turş məhlulun acqarına və ya konsentrat şəkildə qəbulu qıcqırmanı, mədə yanmasını, boğaza turşu gəlişini və bəzi şəxslərdə epigastrik ağrını artıra bilər. Xüsusən reflüks, qastrit, xora, hiatal herniya və həssas mədəsi olan insanlarda bu risk daha yüksəkdir. Bundan əlavə, sirkənin tez-tez və düzgün durulaşdırılmadan istifadəsi diş minasına da zərər verə bilər. Nadir hallarda, uzunmüddətli və həddindən artıq istifadənin kalium azalması və bəzi dərmanlarla qarşılıqlı təsir ehtimalı da müzakirə olunur".
Ekspert qeyd edib ki, bayram şirniyyatının yan təsirlərini "zərərsizləşdirmək" üçün sirkəli su içmək yerinə daha rasional üç addım daha güclü strategiyadır: şirniyyatı əsas yeməklə eyni vaxtda yükləməmək, porsiyanı kiçik saxlamaq və həmin gün ümumi hərəkəti artırmaq:
"Araşdırmalar göstərir ki, qida qəbulundan sonra gəzinti şəkərin qanda yüksəlməsinin qarşısını ala bilir. Bayram günlərində orucdan normal rejimə keçid üçün ən doğru yol kəskin deyil, mərhələli qayıdışdır. İlk 2-3 gündə səhər yeməyini bərpa etmək, su qəbulunu artırmaq, çox yağlı yeməklə şirniyyatı eyni oturuşda toplamaqdan çəkinmək və porsiyanı kiçik saxlamaq həzm rahatlığını xeyli yaxşılaşdırır. Sirkəli su isə artıq çəkidən qoruyan sübutlu üsul deyil; əksinə, bəzi insanlarda mədə-bağırsaq şikayətlərini artıra bilər".
Mina Mikayılova
Milli.Az