AZ

Taleh Qaraşov növbəti səyyar görüş keçirdi - FOTOLAR

Martın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Balıqçılar qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. 

"Unikal" xəbər verir ki, görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Səyyar görüş-qəbulun əlamətdar günlərə təsadüf etdiyini bildirən icra başçısı qəsəbə sakinlərin timsalında bütün lənkəranlıları Ramazan və Novruz bayramları münasibətilə təbrik edib. 

Taleh Qaraşov ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə qəsəbə sakinlərinə məlumat verib, yerlərdə səyyar görüşlərin keçirilməsinin əhəmiyyəti barədə danışıb. Bildirilib ki, belə görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. 

ŞİH başçısı sakinlərin istək və qayğılarını dinləyib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, yerli icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti mərkəzi qurumlara rəsmi müraciətlərin ünvanlanmasını səlahiyyətli şəxslərə tapşırıb. 

Balıqçılar qəsəbəsinin sakinləri ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə, regionlarda sürətli inkişaf dinamikasına nail olunmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
1
1
unikal.az

10Mənbələr