AZ

İlk iki ayda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10 milyard manatlıq məhsul satılıb

2026-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq, o cümlədən 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

2026-cı ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.

Seçilən
14
10
yeniazerbaycan.com

10Mənbələr