AZ

Tehran geri çəkilmir – Ekspert: “Müharibə hələ bir müddət davam edəcək”

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İranın xarici işlər naziri Abbas Əraqçının verdiyi son açıqlamalar beynəlxalq gündəmdə yeni müzakirələrə səbəb olub. O, CBS telekanalına verdiyi müsahibədə Tehranın heç vaxt ABŞ-dən atəşkəs istəmədiyini və belə bir müraciət etməyə ehtiyac duymadığını bildirib. İranlı diplomatın sözlərinə görə, ölkə özünü müdafiə etmək üçün kifayət qədər gücə və sabitliyə malikdir və Vaşinqtonla danışıqlara başlamaq üçün hər hansı ciddi əsas görmür.

Tehranın bu qədər sərt mövqe nümayiş etdirməsi nə ilə bağlıdır? İran rəhbərliyi niyə ABŞ-la dialoqa qapıları demək olar ki, tam bağlayır? Bu bəyanat müharibənin daha da uzanacağının siqnalıdır, yoxsa Tehran bununla siyasi təzyiq strategiyası qurmağa çalışır?

Bu və digər suallara cavab olaraq politoloq Kənan Novruzov Musavat.com-a bunları deyib: "İndiyədək Tramp savaşın məqsədini bir neçə dəfə fərqli formada izah edib. Məqsədin nə olmasından asılı olmayaraq, görünən odur ki, Vaşinqton ən azı indiki mərhələdə kompromisə getmək istəmir.

ABŞ uzun müddətdir çalışır ki, İran nüvə silahına sahib olmasın. 2025-ci ilin iyununda İsraillə İran arasında baş tutan 12 günlük savaşdan əvvəl Vaşinqton və Tehran kompromisə çox yaxın idi. Lakin İsrail buna mane oldu. Çünki belə bir razılaşma İsrailə sərf etmirdi.

Bu dəfəki müharibədən əvvəl də tərəflər nüvə dosyesi ilə bağlı müzakirələri davam etdirirdilər. ABŞ tələb edirdi ki, İran iddiasından əl çəksin. Lakin bu, olmadı.

İranda mərhum ali dini lider Əli Xameneinin öldürülməsi hələ o demək deyil ki, ABŞ məqsədinə çatıb. Rejimin başına onun oğlu Müctəba Xamneyi gəldi.

İkinci bir tərəfdən isə hətta hazırkı rejim dəyişməsə belə, daha əvvəlki qədər mühafizəkar olmayacaq. Rejim müəyyən qədər islahatçı davranacaq. Bu, öz təsirini Cənubi Azərbaycan məsələsində də göstərəcək. Hətta hazırkı qarışıq vəziyyətə baxmayaraq, gələcəkdə İranla Azərbaycan və Türkiyə arasında münasibətlər tamamilə yeni mərhələyə daxil ola bilər.

Fikrimcə, müharibə hələ bir müddət davam edəcək. Ən azından ona görə ki, hələlik hər iki tərəf müqavimət göstərir və hansısa konsensus müzakirə mövzusu deyil.

Ekspert İsrailin baş naziri Benyamin Netanyahunun müharibənin davam etməsində maraqlı olduğunu düşünür: “O, hakimiyyətinin davamlılığının müharibələrdən asılı olduğunu və xalqın onu devirmək üçün fürsət axtardığını bilir. Hər halda Qəzzada olanlardan sonra Netanyahunun təkcə beynəlxalq nüfuzu zədələnmədi, həm də antipatiya və nifrət qazandı. Ona görə də, o, müharibənin başa çatmaması üçün əlindən gələni edəcək.
Ümumiyyətlə, hazırkı mənzərə və səsləndirilən bəyanatlar belə düşünməyə əsas verir ki, müharibə yaxın zamanda bitməyəcək. Əksinə, getdikcə genişlənməsi və üçüncü dünya müharibəsinə çevrilməsi mümkündür".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
9
1
musavat.com

10Mənbələr