Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hasset bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı indiyədək Amerika büdcəsinə 12 milyard dollara başa gəlib.
Bizim.Media xəbər verir ki, o, bu rəqəmi CBS News telekanalına müsahibəsində açıqlayıb.
Hassetin sözlərinə görə, ona təqdim edilən son məlumatda məhz 12 milyard dollar rəqəmi göstərilib.
O, eyni zamanda vurğulayıb ki, hazırda ABŞ administrasiyasının hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər vəsaiti var.
Bundan əvvəl Reuters yazmışdı ki, Tramp administrasiyası müharibənin ilk iki günündə yalnız sursatlara 5,6 milyard dollar, ilk altı günündə isə ümumilikdə azı 11,3 milyard dollar xərcləndiyini Konqresdə qapalı brifinqdə açıqlayıb. Hassetin səsləndirdiyi 12 milyard dollarlıq rəqəm həmin qiymətləndirmənin daha sonrakı yenilənmiş variantı kimi görünür.
ABŞ-da qanunvericilər artıq mümkün əlavə maliyyələşdirmə məsələsini də müzakirə edirlər. Reuters-in məlumatına görə, Ağ Evin Konqresə daha böyük həcmdə əlavə hərbi vəsait sorğusu təqdim edə biləcəyi gözlənilir.
Bizim.Media