AZ

Nəriman Axundzadə üçün MLS-də ilk – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu olan “Kolumbus Kru”nun MLS matçında ilki yaşayıb.

Arena.az xəbər verir ki, ABŞ təmsilçisi bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Neşvil”lə qarşılaşıb.

Oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nərimanın adı ilk dəfə rəsmi protokolda yer alıb. Amma o, sonadək ehtiyatda qalıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 4 oyundan sonra 2 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Nərimanın komandası 4 oyunda cəmi 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
17
7
arena.az

10Mənbələr